Mərakeşdə Azərbaycanı tanıtım tədbiri keçirilib

16 May 2025 01:25 (UTC+04:00)

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyinin təşəbbüsü və Rabat şəhərinin Aqdal meriyası ilə birgə Mərakeş gəncləri üçün Azərbaycanın təbliğinə həsr olunmuş tədbir təşkil edilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirin əsas məqsədi Azərbaycan haqqında məlumatlılığın artırılması, ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafı barədə mərakeşli gəncləri məlumatlandırmaq olub.

Tədbir çərçivəsində “Azərbaycanı kəşf et” adlı təqdimat nümayiş etdirilib. Təqdimatda qonaqlara Azərbaycanın zəngin mədəni irsi, təbiəti, iqtisadi nailiyyətləri və beynəlxalq arenada artan rolu barədə ətraflı məlumat verilib.

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Nazim Səmədov çıxışında Azərbaycan ilə Mərakeş arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, bu cür tədbirlər xalqlar arasında qarşılıqlı anlaşmanın və mədəni əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir.

Tədbir səmimi mühitdə keçib. Mərakeşli gənclərlə fəal diskussiya aparılıb, onların Azərbaycanın tarixi, mədəniyyəti və müasir həyatı ilə bağlı sualları ətraflı cavablandırılıb. Canlı fikir mübadiləsi zamanı gənclər əməkdaşlıqda maraqlı olduqlarını ifadə ediblər. Gələcəkdə birgə mədəni və maarifləndirici layihələrin həyata keçirilməsi planlaşdırılıb.

Tədbir çərçivəsində, həmçinin “Nərgiz” jurnalının nəşr etdiyi “Əlifba” kitabı gənclərə təqdim olunub. Bu nəşr Azərbaycanın dili, mədəniyyəti və adət-ənənələri ilə maraqlanan gənclərin marağına səbəb olub. Sonda kitablar tədbir iştirakçılarına hədiyyə edilib.

Tədbir iştirakçıları Azərbaycanla bağlı əldə etdikləri məlumatlardan məmnunluq ifadə edərək belə təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd ediblər.