Milli Gimnastika Arenası dünya çempionatını qəbul etməyə tam hazırdır. SİA xəbər verir ki, bunu Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvarda təşkil olunan “Fan Zona”da jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, minifutbolun ölkədə sevildiyini bildirib: "Azərbaycan yığması 2022-ci ildə Avropa çempionu olduqdan sonra ölkədə minifutbol populyarlaşdı. Mundiala hazırlıqlar yüksək səviyyədə davam edir. Bütün futbol azarkeşlərini Milli Gimnastika Arenasına dəvət edirəm. İnanıram ki, yığmamız dünya çempionatında uğurla çıxış edəcək. Görülən bütün işlərdə Azərbaycan Minifutbol Federasiyasına təşəkkürümü bildirirəm. Mundialın Bakıda keçirilməsində böyük səy göstərdilər".
Qeyd edək ki, dünya çempionatı 21 may - 1 iyun aralığında Milli Gimnastika Arenasında keçiriləcək. Azərbaycan yığması 32 komandanın iştirak edəcəyi mundialın A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq.