"Zibil qutularının azlığı vəzifəli şəxslərin öhdəliyini yaradır" - MÜNASİBƏT BİLDİRİLDİ

15 May 2025 14:19 (UTC+04:00)

"Bir az yaradıcı yanaşıb zibil atmaq məsələsinə ancaq vətəndaşın səhvi baxımından baxmaq lazım deyil". Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Səbuhi Axundov deyib.

O bildirib ki, tullantılar haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulur ki, iri şəhərlərdə, rayonlarda inzibati mərkəzlərdə zibil qabları arasında məsafə 100 metrdən çox olmamalıdır: "Biz bunu yalnız mərkəzdə görmüşük. Şəhərin ən böyük küçələrindən biri Həsən Əliyev küçəsidir. Bu küçədə 500 metrdən bir zibil qabı ancaq görə bilərsiniz. Zibil qutuları çox azdır. Ona görə də, vətəndaşın zibili yerə tullamasına bəraət qazandırmamaqla yanaşı zibil qutularının azlığı da konkret olaraq vəzifəli şəxslərin öhdəliyini yaradır.

İnzibati Xətalar Məcəlləsinin 266.4-1. nömrəli maddəsinə əsasən məişət tullantılarının buna cavabdeh şəxslər tərəfindən vaxtında xüsusi ayrılmış ərazilərə daşınmamasına görə – vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.

Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır.

İnzibati Xətalar Məcəlləsinin 262.2.3. nömrəli maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

İnzibati Xətalar Məcəlləsinin 266.3. nömrəli maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə-fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir.

İnzibati Xətalar Məcəlləsinin 306.1. nömrəli maddəsinə əsasən stansiyaların vestibüllərinə, keçidlərinə və platformalarına, habelə eskalatora və vaqonların salonuna tullantı atmağa və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə - iki yüz manat məbləğində cərimə edilir.

İnzibati Xətalar Məcəlləsinin 266.4. nömrəli maddəsinə əsasən şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə - vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir".