Ölkə başçısı cənab İlham Əliyevin dərin strateji düşüncə tərzi və peşəkar diplomatiyası nəticəsində Azərbaycan bu gün dünya miqyasında etibarlı tərəfdaş və inkişaf edən sabit dövlət kimi tanınır. Dövlət başçısının həyata keçirdiyi çevik və çoxşaxəli xarici siyasət, ölkəmizin bir sıra dövlətlərlə əlaqələrini keyfiyyətcə daha yüksək səviyyəyə daşımağa imkan yaratmışdır. Bu baxımdan Azərbaycan-Vyetnam münasibətlərinin dinamik inkişafı xüsusi diqqətə layiqdir.
Mayın 7-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə rəsmi səfəri çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar Azərbaycan ilə Vyetnam arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini açıq şəkildə göstərir. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan müzakirələr həm məzmun, həm də nəticə baxımından son dərəcə uğurlu olmuşdur. Siyasi, iqtisadi, energetika, mədəniyyət, təhsil, müdafiə və nəqliyyat kimi istiqamətləri əhatə edən əməkdaşlıq platforması Prezident cənab İlham Əliyevin uğurlu xarici siyasətinin bariz göstəricisidir. Ölkə başçımız tərəfindən səsləndirilən bəyanatlar, mövcud əlaqələrin real mənzərəsini əks etdirməklə yanaşı, gələcək əməkdaşlıq istiqamətlərini də müəyyənləşdirir. “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın imzalanması əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir və qarşılıqlı münasibətlərin hüquqi və siyasi əsaslarını möhkəmləndirir. Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, bu əməkdaşlıq yalnız siyasi sahələrlə məhdudlaşmır, iqtisadiyyat, enerji, nəqliyyat, rəqəmsal texnologiyalar və digər istiqamətlərdə də yeni imkanlar yaradır. SOCAR və PetroVietnam arasında imzalanan sənədlər, ticarət və investisiya sahəsində əməkdaşlığın dərinləşməsinə təkan verir. Xüsusilə bərpaolunan enerji sahəsində ortaq layihələrin nəzərdən keçirilməsi, iki ölkə arasında davamlı və qarşılıqlı faydalı əməkdaşlıq üçün əsas yaradır. Azərbaycanın yaşıl enerji sahəsindəki liderliyi Prezident cənab İlham Əliyevin uzaqgörən siyasətinin bariz təzahürüdür. Dövlət başçısının açıqladığı kimi, qarşıdakı beş ildə 6500 meqavat gücündə bərpaolunan enerji layihələrinin reallaşdırılması ölkəmizi regionda aparıcı mövqeyə çıxaracaq. Vyetnam şirkətlərinin bu layihələrə maraq göstərməsi və Azərbaycan şirkətlərinin Vyetnam bazarına çıxmaq istəyi, iqtisadi münasibətlərin genişlənməsinə zəmin yaradır. Digər vacib istiqamət isə müdafiə sənayesi sahəsində əməkdaşlığa aiddir. Bu sahədəki potensialın birləşdirilməsi və ortaq layihələrin təşviqi, regional təhlükəsizlik və sabitliyə müsbət təsir göstərə bilər. Mədəniyyət, təhsil və arxiv sahələrində imzalanan anlaşmalar isə iki xalq arasında humanitar əlaqələrin dərinləşməsinə xidmət edəcək. Dövlət başçısı, həmçinin beynəlxalq platformalarda – xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan ilə Vyetnam arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və qətiyyətli mövqeyi ölkəmizə qlobal arenada böyük nüfuz qazandırmışdır. Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycan və Vyetnam bir sıra beynəlxalq məsələlərdə eyni mövqedən çıxış edərək, dövlət suverenliyi, ərazi bütövlüyü və beynəlxalq hüququn üstünlüyü prinsipləri əsasında əməkdaşlıq qururlar. Bu isə, əlaqələrin sadəcə iqtisadi maraqlara deyil, ortaq dəyərlərə və prinsipial yanaşmalara söykəndiyini nümayiş etdirir.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət strategiyası Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirir, yeni əməkdaşlıq imkanları yaradır və ölkəmizi dünya miqyasında etibarlı tərəfdaş kimi tanıdır. Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Azərbaycana səfəri də bu siyasətin uğurlu nəticələrindən biridir və inamla demək olar ki, əldə olunan razılaşmalar yaxın gələcəkdə real layihələrə çevriləcək.
Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri