“Sumqayıt” klubu Vüqar Mustafayev və Rəşad Əzizlinin AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılmasına görə Apellyasiya və Arbitraj Tribunalına şikayət etməyəcək. Bu barədə SİA-ya klubun mətbuat katibi Zaur Xudiyev məlumat verib.
Klub rəsmisi futbolçuların cəzalarını qəbul etdiklərini söyləyib:
“Cəzalarla bağlı apellyasiya şikayətimiz olmayacaq. Oyunda gərginlik yarandı, futbolçular emosiyalarına hakim ola bilmədilər və belə hadisələr yaşandı. Bunun məntiqi nəticəsi kimi AFFA İntizam Komitəsi həm klubu cərimələdi, həm də futbolçuları cəzalandırdı. Cəzaları qəbul edirik və şikayət vermək fikrində deyilik”.
Z.Xudiyev futbolçuların klub tərəfindən cəzalanıb-cəzalanmayacağı ilə bağlı sualı da cavablandırıb:
“Açığı, belə olacağını düşünmürəm. Vüqar onsuz da mövsümün sonunda karyerasını bitirəcək. Sadəcə, qırmızı vərəqə ilə bunu bir qədər tezləşdirdi. Rəşadla bağlı cəza olacağına da inanmıram. Bu, klubun daxili iclasında müəyyənləşəcək”.
Qeyd edək ki, Misli Premyer Liqasının XXXIV turunda baş tutan “Kəpəz” - “Sumqayıt” matçının 89-cu dəqiqəsində qonaqların futbolçuları Rəşad Əzizli və Vüqar Mustafayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqları üçün ikisi şərti olmaqla 4 oyunluq cəzalandırılıblar. Futbolçularının hərəkətinə görə Sumqayıt təmsilçisi ümumilikdə 6000 manat cərimələnib. Hər iki oyunçuya 3 ay sınaq müddəti təyin edilib.