"Ümid edirdim ki, qalib gələcəm və belə də oldu" - MÜSAHİBƏ

15 May 2025 12:18 (UTC+04:00)

Azərbaycanın parapauerliftinqçisi Rəsul Zəkiyevin SİA-ya müsahibəsini təqdim edirik:

- Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda iştirak ediniz. Yarışı necə dəyərləndirərdiniz?

- Yarışı çox yüksək dəyərləndirirəm. Bir gənc idmançı olaraq belə yarışlarda iştirak etmək mənim üçün böyük təcrübədir. Bu cür yarışlarda iştirak etməliyik ki, gələcəkdə daha da yaxşı nəticələr əldə edək.

- Yarışda iki qızıl medal qazandınız. Qələbənizi necə şərh edərdiniz?

- Əlbəttə çox sevincliyəm. 2 qızıl medal qazandım. Bu uğuruma görə həm şəxsi məşqçim, həm də baş məşqçimiz İlqar İbişova təşəkkür edirəm. Bir sözlə qələbə qazanmaq çox möhtəşəm bir hissdir.

- Mübarizə apardığınız zamanı nə kimi çətinliyiniz oldu?

- Yarışda çətinliyim olmadı. Yaxşı hazırlaşmışdım. Çox az həyəcan var idi. Onu da boğmağa çalışırdım ki, yarışda mənə mane olmasın. Şükür Allaha ki, hər şey yaxşı oldu və qələbə qazandım.

- Dünya Kubokuna yollanarkən bu nəticəni qazanacağınıza ümid edirdiniz?

- Çox ciddi hazırlaşırdım. Özümə güvənirdim ki, qələbə qazana bilərəm. Əlbəttə ümid edirdim ki, qalib gələcəm və belə də oldu. Vaxtında əziyyətin çəkmişdim yarışa hazırlaşmışdım və nəticəsi də çox yaxşı oldu.