Xarici ölkələrdən idxal olunan ətə tələbat artıb? - EKSPERT DANIŞDI

15 May 2025 11:12 (UTC+04:00)

“Müsbət və mənfi tərəfləri ondan ibarətdir ki, ölkədə ətə olan tələbatın ödənilməsi daha səmərəli şəkildə həyata keçiriləcəkdir. Çünki Azərbaycanın daxilində ətə olan tələbat yüksəkdir. Lakin bu tələbatı ödəyəcək qədər təklif mövcud deyil”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.

Akif Nəsirli sözlərinə belə davam edib: “Digər tərəfdən, bu tendensiyanın mənfi cəhəti ondan ibarətdir ki, ölkə idxaldan asılı vəziyyətə düşür və bu asılılıq yerli istehsalın zəifləməsinə gətirib çıxarır. Əgər əvvəllər əhalinin ətə olan tələbatının 40-50 faizi yerli istehsal hesabına ödənilirdisə, idxalın artması yerli istehsalın azalmasına şərait yaradacaq.

Ölkə daxilində ət istehsalı kifayət qədər baha başa gəlir, xaricdən gətirilən ət daha ucuz olur. Buna görə də sahibkarlar idxalı genişləndirirdikcə ölkə daxilindəki istehsal zəifləyəcək, azalacaq iş rahatlayacaq. Əhalinin ətə olan tələbatı ödənilsə də, ölkənin idxaldan asılılığı genişlənəcək.

İdxaldan asılılığın genişlənməsi isə real təhlükədir. Hazırda dünyada baş verən kataklizmlər və geosiyasi proseslər o qədər sürətlidir ki, dünyanın şəkil dəyişməsi an məsələsidir. Belə dəyişikliklər zamanı təbii ki, böhranlar olur, əlaqələr pozula bilər. Bu halda ölkələrin bir-biri ilə əlaqələri kəsilə və idxal prosesi dayanmış ola bilər. Eyni zamanda, Azərbaycana qarşı olan ölkələr tərəfindən müəyyən sanksiyalar tətbiq edilə bilər. Məsələn, bu günlərdə Hindistanın Azərbaycanı turizm məkanı kimi boykot etməsi və bu ölkədən idxaldan imtina etməsi barədə bəyanatın verilməsi ehtimalın bariz nümunəsidir. Hindistanın verdiyi bəyanatı icra etməsi o qədər də təminatlı deyil başqa ölkələr tərəfindən daha ciddi və təminatlı sanksiyalar tətbiq oluna bilər. Belə olan halda Azərbaycan daxili imkanları hesabına öz əhalisinin ərzaq və digər məhsullara olan tələbatını ödəyə bilməyəcək. Təkcə ətlə bağlı deyil, ümumilikdə əhalinin ərzağa olan tələbatının 50 faizindən çoxu idxal hesabına ödənilir. Bu isə çox təhlükəli tendensiyadır”.

Ayşən Vəli