Ağrı başlamazdan əvvəl miqrenləri dayandırmağın yolu kəşf edilib...

14 May 2025 20:24 (UTC+04:00)

...Alimlər müəyyən ediblər ki, miqren üçün istifadə edilən ubrogepant dərmanı təkcə ilk mərkələ zamanı deyil, hətta baş ağrısı başlamazdan əvvəl də simptomların şiddətini azaldır.

SİA-nın məlumatına görə, tədqiqat Nature Medicine jurnalında dərc olunub.

Miqren mərhələlərlə inkişaf edir: əvvəlcə prodrom (işığa həssaslıq, ürəkbulanma, başda "duman"), sonra qısamüddətli görmə, duyğu və ya nitq pozğunluqları mümkündür, sonra şiddətli baş ağrısı başlayır və nəhayət, postdrom - yorğunluq və düşüncələrin çaşqınlığı...

Bütün mərhələlər birlikdə bir həftəyə qədər davam edə bilər, lakin adətən müalicə yalnız ağrının özünə yönəldilir.

...Nevroloq Piter Qodsbinin rəhbərlik etdiyi London Kral Kollecinin tədqiqatçıları 438 xəstənin iştirakı ilə ikiqat kor tədqiqat aparıblar.

Bütün iştirakçılara ilk prodromal simptomların başlanmasından dərhal sonra ubrogepant və ya plasebo verilib. Bir həftədən sonra dərmanlar dəyişdirilib.

...Və məlum olub ki, ubrogepant artıq ilk saatlarda simptomların şiddətini əhəmiyyətli dərəcədə azaldır.

Bir saatdan sonra xəstələr başlarında “dumanın”, iki saatdan sonra işığa həssaslığın və üç saatdan sonra boyun ağrısının azaldığını qeyd ediblər.

Gün ərzində digər simptomlar da azalıb: başgicəllənmə, səslərə həssaslıq.

Nəticələr təsdiq edir ki, miqren təkcə qan damarlarında deyil, mərkəzi sinir sistemində də başlayır.

Ubrogepant, tutmanın başlanğıcı ilə əlaqəli olan CGRP peptidini bloklayır.

Müəlliflərin fikrincə, bu sinifin dərmanları yalnız kəskin ağrılarda deyil, miqrenin bütün mərhələlərində təsirli ola bilər.

Nazlı Almuradova