Minskdə MDB ölkələri nümayəndələrinin "Silahlanmaya nəzarət, tərk-silah və silahların yayılmaması məsələləri" mövzusunda XİN-lərarası məsləhətləşmələr keçirilib. SİA-nın MDB İcraiyyə Komitəsinə istinadən verdiyi məlumata görə, məsləhətləşmələrdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
İştirakçılar silahlanmaya nəzarət, tərk-silah və silahların yayılmaması sahəsində vəziyyətin beynəlxalq təhlükəsizliklə bağlı vəziyyətdən asılı olduğunu vurğulayıblar.
"Bu sahədə səmərəli irəliləyiş üçün əlverişli şərait yaratmaq məqsədilə etimad mühitinin və müqavilə-hüquqi bazanın effektivliyinin bərpası istiqamətində ciddi kollektiv səylərin göstərilməsi, dövlətlərarası fundamental ziddiyyətlərin əsas səbəblərinin aradan qaldırılmasına diqqət yetirilməsi tələb olunur", - məlumatda qeyd olunub.
Xarici siyasət idarələrinin nümayəndələri Nüvə Silahlarının Yayılmaması Müqaviləsi platformasından müqavilə ilə əlaqəsi olmayan siyasi məqsədlərə nail olmaq üçün istifadə edilməsinə qarşı çıxıblar.
Tərəflər 2026-cı ildə Tərk-silah məsələləri üzrə Birgə Konsultativ Komissiyanın iclasında kosmik fəzada silahlanma yarışının qarşısının alınması məsələsinin müzakirəsinə maraq ifadə ediblər.