...Nyu York Universitetinin nevroloqları beynimizin söhbət zamanı düzgün sözləri necə tapdığını izah edən mühüm kəşf ediblər. Bu, insult və ya beyin xəsarətləri nəticəsində yaranan nitq pozğunluğu olan xəstələri müalicə etməyə kömək edə bilər.
SİA-nın məlumatına görə, tədqiqat Cell Reports elmi jurnalında dərc olunub.
Tədqiqatçılar elektrokortikoqrafiya texnologiyasından istifadə edərək 48 xəstənin beyin fəaliyyətini araşdırıb və söz seçimi prosesinə cavabdeh olan bir-biri ilə əlaqəli iki neyron şəbəkə aşkar ediblər.
Orta və aşağı frontal girusda yerləşən birinci şəbəkə sözlərin mənasının təhlilində iştirak edir.
İkincisi, aşağı frontal və precentral girusda yerləşir, tələffüz prosesinə nəzarət edir.
Tədqiqatçılar səslərin məna ilə uyğunlaşdırılmasında əsas rol oynayan prefrontal korteksin dorsal bölgəsinə xüsusi diqqət yetiriblər.
…Bizim işimiz beynin bu hissəsinin söz tapmaq prosesində necə iştirak etdiyini göstərən ilk işdir.
Bunu tədqiqatın aparıcı müəllifi Leiyao Yu deyib.
Əldə olunan nəticələr böyük praktik əhəmiyyətə malikdir. Onlar nitq pozğunluğu olan insanlar üçün yeni reabilitasiya üsullarının işlənib hazırlanmasına kömək edə bilər, həmçinin ciddi ünsiyyət pozğunluğu olan xəstələr üçün daha yaxşı beyin-kompüter interfeysi yarada bilər.
Nazlı Almuradova