"May ayının 11-də magistraturaya qəbul üçün ikinci mərhələ imtahanı keçirildi. Bu il ikinci mərhələ imtahanında 20.549 nəfər iştirak etmək üçün qeydiyyatdan keçmişdi. Onların böyük əksəriyyəti — təxminən 19.000 nəfəri Azərbaycan bölməsi üzrə idi. Təxminən 1.500 nəfər isə rus bölməsi üzrə imtahan verdi". Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert İlqar Orucov deyib.
Onun sözlərinə görə, imtahanların cavablarının nə zaman açıqlanacağını demək Dövlət İmtahan Mərkəzinin səlahiyyətindədir: "Hesab edirəm ki, Dövlət İmtahan Mərkəzi mümkün olan ən qısa müddətdə müvafiq prosedurları başladıqdan sonra nəticələri elan edəcək. Bu il müraciət edənlərin sayında artım var. Eyni zamanda plan yerlərində də artım müşahidə olunur. Mən düşünmürəm ki, balların aşağı düşəcəyi ilə bağlı indidən hər hansı bir proqnoz vermək doğru olar. Bu barədə yalnız imtahan nəticələri elan edildikdən sonra fikir söyləmək mümkündür. Çünki nəticələr məlum olmadan əvvəl hər hansı fikir bildirmək nə reallığa uyğundur, nə də nəyisə dəyişir. Bu, sadəcə söz xatirinə deyilmiş bir fikir kimi dəyərləndirilə bilər və peşəkar yanaşma hesab oluna bilməz".