Dünən Çexiyanın paytaxtında hər il keçirilən “Praqa Baharı” musiqi festivalının 80-ci açılışı baş tutub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, ölkənin musiqi ilinin əsas hadisəsi və Çexiyanın sərhədlərindən kənarda da tanınan mədəniyyət fenomeni olan festival 13 may – 3 iyun tarixlərində keçiriləcək.
Festivalın açılışı ənənəvi olaraq tanınmış çex bəstəkarı Bedrjix Smetananın paytaxtın Vışeqrad qəbiristanlığındakı məzarına gül dəstələrinin qoyulması ilə başlayıb.
Musiqi bayramı hər il mayda, çex musiqiçisinin vəfat etdiyi ayda keçirilir. Onun “Vətənim” adlı simfonik poeması festivalın açılış konsertində ənənəvi olaraq səsləndirilir. Bu dəfə əsər Praqa Bələdiyyə Sarayının Smetana zalında “Çex Filarmoniyası” orkestri tərəfindən baş dirijor Semyon Bıçkovun rəhbərliyi ilə ifa olunub.
“Praqa Baharı” musiqi festivalının açılışında Çexiya Respublikasının Prezidenti Pyotr Pavel də iştirak edib. Musiqi bayramının proqramında ümumilikdə 50 konsert yer alır. Festivalı “Çex Filarmoniyası” orkestri bağlayacaq, Qustav Malerin mi-bemol majorda bəstələdiyi “Minlik Simfoniya” (8 nömrəli simfoniya) ifa olunacaq.