Deyəsən, biz bundan sonra Ermənistan baş nazirini Kremldə tez-tez görməli olacağıq. Daha çox Qərbin “adamı”, yaxud Cənubi Qafqazda Emmanuel Makronun siyasi təlxəyi kimi siyasi arenada ad çıxarmış Nikol Vavayeviç, həm öz canının, həm də kreslosunun hayına qalmaq üçün Donald Trampın adam yerinə qoymadığı Avropa liderlərindən ümidini kəsib üz tutub Vladimir Putinə tərəf.
9 may hərbi paradına qatılan Nikol Paşinyan bu addımı ilə ilk əvvəl öz siyasi hakimiyyətinin qayğısına qaldığını, Avropalı siyasətçilərin vədləri ilə yanaşı Kremldəki Vladimir Putinin də “xeyir duasına” qulaq asacağını elan etmiş oldu. Onsuz da ağlı başında olan hər kəs əla bilir ki, yaradıldığı gündən Rusiyanın Qafqazdakı nökər dövləti kimi ad çıxarmış Ermənistanı Moskvanın orbitindən tamamən çıxarmaq və Kremlin razılığı olmadan hakimiyyətdə oturmaq mümkünsüz məsələdir. Hakimiyyətə gəldiyi gündən Qərbin siyasi təlxəyi kimi ad çıxaran N.Paşinyan uzun müddətdir ki, aramsız şəkidlə V.Putinin “nəfəsini” üzərində hiss etməyə başlayıb.
V.Putinin dostları sayılan və Ermənistanda on illiklər boyu korrupsiya və cinayət səltənəti yaratmış Serj Sarkisyan və Robert Koçaryan, habelə daşnak faşizminin yuvasına çevrilən Eçmiədzin Kilsəsi zaman-zaman baş nazirə təzyiq rıçaqlarını işə salırlar. Xüsusilə revanşist çağırışlarla ənənəvi erməni xəstəliyi olan daşnak ideologiyasını kürükləyən keçmiş hakimiyyət başçıları Rusiyanın Ermənistan üçün yeganə ümid yeri olduğunu deyir, Azərbaycanla sülh müqaviləsinə qarşı çıxış edir, iki ölkə arasında normal münasibətlərin qurulmasının əleyhinə erməni cəmiyyətini qızışdırmaqla məşğuldurlar.
Əlbəttə ki, Moskvanın tapşırığı ilə. Nikol Vavayeviçin Kremldəki tədbirlərdə özünü Rusiya rəhbərinə yaxın şəxs kimi hiss etdirməsi təkcə ənənəvi erməni hiyləgərliyi deyil. Onun Putinin qoltuğuna sığınması həm də daha çox öz hakimiyyətinin təhlükəsizliyi üçün Moskvadan “dobro” almaq istəyi ilə bağlıdır. Çünki Donald Trampın bütün Avropa liderlərini “iki qəpiklik” edib rəzilə çevirdiyi, dünya siyasətində hazırda Tram-Putin ittifaqının meydan suladığı bir zamanda hiyləgər erməni baş nazirin Kreml şefinə sığınması sürpriz hadisə sayılmamalıdır. Əlbəttə, V.Putin N.Paşinyanın 9 may paradı üçün Moskvaya getməsini bir şəkildə “qiymətləndirəcək”. Bu “qiymət” N.Paşinyanın nəzərdə tutduğu kimi olacaq, ya başqa formada, bunu zaman göstərəcək. Bircə o dəqiqdir ki, hazırkı Ermənistan hakimiyyətinin başçısı İrəvandakı ruspərəst revanşistləri zərərsizləşdirməklə onların təzyiqlərindən canını qurtarmaq, Moskvanın etimadını qazanmaqla bölgədə hakimiyyəti üçün təhlükəsizlik çətiri qazanmaq istəyir. Amma görünən odur ki, Azərbaycanın qlobal güclərlə ittifaq qurduğu bir vaxtda Moskvanın Ermənistana tapşıracağı “çox mühüm işlər” olacaq. Həmişə olduğu kimi, Moskva ən çirkin işləri yenə ermənilərə gördürəcək. V.Putin üçün fərqi yoxdur, Sarkisyan və Koçaryan olmasın, Paşinyan olsun. əsas odur erməni olsun...
Mətləb Salahov