Aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub - FOTOLAR

13 May 2025 17:10 (UTC+04:00)

18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov ilə Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili arasında görüş keçirilib. SİA xəbər verir ki, qonaqları salamlayan kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov ölkəmizdə aqrar inkişaf strategiyasının əsas istiqamətləri, aqrar sahəyə dövlət dəstəyi, həyata keçirilən innovativ layihələr barədə qonaqlara ətraflı məlumat verib.

Bildirilib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Gürcüstanı Azərbaycanın kənd təsərrüfatı sahəsində mühüm tərəfdaşı adlandıran nazir müavini bu əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edib. Elçin Zeynalov Azərbaycanın rəqəmsal kənd təsərrüfatı və kənd təsərrüfatı sığortası sahəsində uğurlu layihələrini və təcrübələrini Gürcüstan tərəfi ilə bölüşməyə hazır olduğunu vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Davit Sonqulaşvili Gürcüstanın Azərbaycanla dost ölkələr olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib.

Görüşdə iki ölkə arasında aqrar sahədə əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər aqrar sahədə əməkdaşlığın hüquqi-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə İşçi Qrupun yaradılması, ixrac potensialı yüksək olan məhsullarla bağlı informasiya mübadiləsinin aparılması, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, hər iki ölkədən olan sahibkarların kənd təsərrüfatı ilə bağlı sərgilərdə aktiv iştirakı, müasir texnologiyaların transferi və aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə təcrübə proqramlarının həyata keçirilməsi, transsərhəd xəstəliklər və zərərvericilərlə mübarizə sahəsində birgə fəaliyyət məsələlərini müzakirə ediblər.

Tərəflər kənd təsərrüfatı sahəsində Azərbaycan və Gürcüstan arasında tərəfdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.