Azərbaycan və Özbəkistan metrologiya üzrə "Yol Xəritəsi" hazırlayacaq - FOTO

13 May 2025 16:20 (UTC+04:00)

Azərbaycan Metrologiya İnstitutu (AzMİ) və Özbəkistan Milli Metrologiya İnstitutu (UzNIM) 2026–2027-ci illəri əhatə edən “Yol Xəritəsi” layihəsinin hazırlanması ilə bağlı razılığa gəliblər. SİA bu barədə AzMİ-yə istinadən xəbər verir.

Məlumata görə, bu barədə razılaşma Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş Avrasiya ölkələrinin Milli Metrologiya Qurumlarının Regional Əməkdaşlığı Təşkilatının (COOMET) prezident şurasının 40-cı iclası çərçivəsində əldə olunub.

İclasda AzMİ-nin Baş direktorunun müavini Azər Qurbanov iştirak edib. Toplantıda regional metrologiya əməkdaşlığının əsas istiqamətləri, COOMET-in vahid informasiya resursunun yaradılması, elmi-tədqiqat sahəsində əməkdaşlığın inkişafı və digər mühüm məsələlər müzakirə olunub.

Tədbir zamanı təqdimatla çıxış edən A.Qurbanov keyfiyyəti idarəetmə sistemlərinin qiymətləndirilməsi mexanizminin təkmilləşdirilməsi, COOMET-in verdiyi tanınma şəhadətnaməsinin forması və auditorlar bazasının inkişafı ilə bağlı bir sıra təkliflər irəli sürüb.

Səfər çərçivəsində A.Qurbanov Özbəkistan Nazirlər Kabineti yanında Texniki Tənzimləmə Agentliyinin rəhbəri Akmal Jumanazarov və UzNIM-in direktoru Lazizbek Saidoripov ilə də görüşüb.

Görüşdə AzMİ və UzNIM arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və mütəxəssislərin qarşılıqlı təcrübə mübadiləsi proqramlarına cəlb olunması məsələləri müzakirə edilib.

COOMET 17 ölkənin metrologiya institutlarını birləşdirən regional qurumdur. Təşkilatın əsas məqsədi üzv ölkələr arasında elmi və texniki sahələrdə əməkdaşlığın gücləndirilməsini təmin etməkdir.