Baş prokuror Qobustanda - FOTOLAR

13 May 2025 15:53 (UTC+04:00)

Baş prokuror Kamran Əliyev mayın 13-də Qobustan rayon prokurorluğunun inzibati binasında Qobustan, Şamaxı, Ağsu rayon və digər bölgələrdən olan vətəndaşları qəbul edib. Bu barədə SİA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbulda iştirak edən 21 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən K.Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.