Müasir dövrdə sosial şəbəkələr insanların informasiya əldə etməsində əsas mənbələrdən birinə çevrilmişdir. Artıq bir çox insan ən son xəbərləri televiziya və ya qəzetlərdən deyil, məhz Facebook, Instagram, Twitter və digər platformalardan izləyir. Lakin sosial şəbəkələr üzərindən yayılan xəbərlərin doğruluğunu müəyyənləşdirmək hər zaman asan olmur. Bəzən bu platformalarda yayılan məlumatlar doğru olsa da, tez-tez yanlış, dezinformasiya və ya təhrif olunmuş xəbərlərlə də qarşılaşmaq mümkündür. Bu səbəbdən sosial şəbəkələrdə yayılan informasiyaların düzgünlüyünü yoxlamaq və tənqidi düşüncə ilə yanaşmaq olduqca vacibdir. Bəs vətəndaş sosial şəbəkələrdən necə istifadə edirlər? Yalan və doğru xəbəri necə ayıra bilirlər? SİA bu barədə sorğu hazırlayıb.
Şəhər sakini Kamran Şükürov: "Mən sosial şəbəkələrdən geniş istifadə edirəm. Lakin sosial şəbəkədən istifadə etdikdə, mən sadəcə bir səhifəni izləmirəm. Bununla bərabər bir çox səhifələri izləyirəm.
Bununla yanaşı xarici mətbuatda olan xəbərlərədə göz gəzdirirəm. Yəni alınan məlumatları müqayisə etdikdə, hansı məlumatlar nə dərəcədə doğrudur yaxud yanlışdır, təbii ki görmək olur. Eyni zamanda yerli kanallarla da xəbərlərin müqayisəsini aparmaq olur.
Əsasən isə siyasi xəbərləri, gündəm olan hadisələri və tarixi məlumatları əldə etmək üçün sosial şəbəkələri izləyirəm. Çünki bir söz var ki, keçmişini mütləq bilməlisən".
Şəhər sakini Çiçək Bağırzadə: “Metro ilə bağlı xəbərləri əsasən sosial şəbəkələrdən izləyirəm. Məsələn, metro xətlərində dəyişikliklər, təmir işlərinin nə vaxt bitəcəyi kimi məlumatlara baxıram. Amma bu xəbərlərin doğru olub-olmadığını müəyyənləşdirmək çətin olur.
Çox vaxt belə xəbərlər varsa, ehtimal ki, təmir işləri uzun çəkəcək. Bəzən isə xəbərləri müqayisə edərək onların doğru və ya yanlış olduğunu təxmin etmək mümkün olur. Ən çox etibarlı olanlar isə qlobal xarakterli xəbərlərdir.”
Şəhər sakini Adil Əlizadə: “Mən musiqiçi olduğum üçün günümün böyük bir hissəsini sosial şəbəkələrdə keçirirəm. Bu zaman müxtəlif xəbərlərə də tez-tez rast gəlirəm. Düzdür, elə xəbərlər olur ki, onların doğru olub-olmadığını ayırd etmək çətin olur. Lakin xəbərin mənbəsinə diqqət yetirdikdə, onun etibarlı olub-olmadığını müəyyənləşdirmək mümkündür. Yəni, əgər mənbə güvənilidirsə, xəbərin doğru olduğunu düşünürəm.
Əslində belə xəbərləri məqsədli şəkildə izləmirəm, sadəcə sosial şəbəkələrdə qarşıma çıxır və bəzən diqqətimi çəkir.”
Şəhər sakini Rahilə Xəlilova: “Mən demək olar ki, sosial şəbəkələri izləmirəm. Daha çox televiziyaya üstünlük verirəm, xüsusilə də dövlətə məxsus olan kanallara, o cümlədən Xəzər TV-yə baxıram. Çünki hesab edirəm ki, bu kanallarda təqdim olunan məlumatlar daha etibarlı və yoxlanılmış olur.
Xüsusi ilə də özəl telekanallarda və sosial şəbəkələrdə yayımlanan xəbərlərə inamım yoxdur. Onların verdiyi məlumatlar bəzən şişirdilmiş və ya qeyri-dəqiq ola bilər. Buna baxmayaraq, sosial şəbəkələrdə olduğum zaman müəyyən xəbərlər qarşıma çıxır. Amma yenə də, mən məlumat almaq üçün dövlət kanallarının verdiyi xəbərlərə üstünlük verirəm. Onlara daha çox güvənirəm və obyektiv olduqlarını düşünürəm.”
Şəhər sakini Tahir Məmmədzadə: "Sosial şəbəkələrdən olduqca geniş istifadə edirəm. Orada olan təhsil, futbol və gündəm xəbərlərini izləyirəm. Xəbərlərin yalan yoxsa doğru olduğunu bilmək üçün, ilk növbədə saytın yaxud kanalın rəsmi olub-olmadığına baxıram. Əgər paylaşan mənbə rəsmi deyilsə, həmin xəbərə birbaşa inanmağa tələsmirəm. Bəzən eyni xəbəri fərqli mənbələrdə axtarıb müqayisə edirəm. Sosial şəbəkələrdə hər gün müxtəlif məlumatlarla qarşılaşırıq, ona görə də düzgün filtrasiya çox vacibdir. Mənə görə, informasiya bolluğu şəraitində doğru xəbəri seçmək üçün istifadəçinin özü də məsuliyyətli olmalıdır."
Şəhər sakini Hüseyn Əsgərov: “Mən sosial şəbəkələrdən geniş istifadə edirəm. Əsasən gündəlik xəbərləri izləyirəm, çünki gün ərzində ölkədə və dünyada baş verən hadisələrdən xəbərdar olmaq mənim üçün vacibdir. Bununla yanaşı, təhsil sahəsində olan yeniliklər və inkişaflar diqqətimi çəkir. Bu sahədəki xəbərləri izləmək, həm şəxsi inkişafım, həm də cəmiyyətin gələcəyi baxımından önəmlidir.
Futbolla da maraqlanıram, xüsusilə yerli və beynəlxalq oyunlar, komandaların çıxışları, transfer xəbərləri və turnirlər barədə məlumatları izləyirəm. Sosial şəbəkələrdə yayılan məlumatların yalan və ya doğru olduğunu müəyyən etmək üçün ilk növbədə onların rəsmi mənbədən verilib-verilmədiyinə baxıram. Rəsmi xəbər portalları və tanınmış media qurumlarının paylaşdıqları məlumatlara daha çox etibar edirəm. Beləliklə, informasiya bolluğunda düzgün və dəqiq xəbərləri ayırd edə bilirəm.”
Şəhər sakini Bəyaz Həsənli: “Sosial şəbəkələr gündəlik həyatımın bir hissəsinə çevrilib. Əsasən xəbər səhifələrini izləyirəm və ölkədə, eləcə də dünyada baş verən yeniliklərlə maraqlanıram. Mədəniyyət və sağlamlıq mövzularına da diqqət yetirirəm. Sosial şəbəkələrdə bəzən yalan məlumatlara da rast gəlinir. Ona görə çalışıram yalnız rəsmi və etibarlı mənbələrdən məlumat alım. Rəsmi qurumların səhifələri və tanınmış xəbər portallarına daha çox üstünlük verirəm.”