"Yemək sadəcə bioloji bir ehtiyac deyil" - PSİXOLOQ İZAH ETDİ

13 May 2025 11:40 (UTC+04:00)

"Yemək sadəcə bioloji bir ehtiyac deyil, eyni zamanda emosional bir əlaqə vasitəsidir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq, psixoterapevt Orxan Şəfizadə deyib.

O bildirib ki, xüsusilə, uşaqlarda yemək davranışı ailə mühiti, emosional vəziyyət və psixoloji amillərlə sıx bağlıdır: "Bu səbəbdən yemə pozuntularını yalnız fiziki aspektdən deyil, psixoloji müstəvidə də dəyərləndirmək vacibdir.

Yemə Pozuntusunun Psixoloji Kökü

Uşaqlarda ən çox rast gəlinən yemə pozuntuları arasında iştahsızlıq, seçici yemək, həddindən artıq yemək və gizli yemək davranışları var. Bu halların arxasında isə bir çox hallarda aşağıdakı psixoloji faktorlar durur:

Valideyn təzyiqi və məcburiyyət: “Boşqabı bitirməlisən” kimi məcburi yanaşmalar uşaqlarda yeməyə qarşı mənfi münasibət formalaşdıra bilər.

Sevgi ilə şərtləndirilmiş qidalanma: Valideynin "Əgər yeməsən, səni sevmərəm" kimi şərtləndirmələri uşağın emosional ehtiyaclarını yeməklə əlaqələndirməsinə səbəb ola bilər.

Ailədaxili gərginlik və stress: Ailə daxilində yaşanan münaqişələr, boşanma və ya diqqət çatışmazlığı uşağın yemək davranışına təsir edə bilər.

Özünü ifadə etmə üsulu: Bəzi uşaqlar yeməkdən imtina etməklə nəzarət hissini ələ almağa və ya duyğularını ifadə etməyə çalışırlar.

Psixopedoqoji Yanaşma və Həll Yolları

1. Əvvəlcə dinləyin, sonra yönləndirin: Uşağın yemək mövzusunda nə hiss etdiyini və nə istədiyini başa düşmək üçün onunla empatik şəkildə danışın.

2. Məcbur etməyin, seçim verin: Məcburi qidalandırma uşağın yeməyə qarşı müqavimətini gücləndirir. Bunun əvəzinə sadə suallarla seçim imkanı yaradın: “Bu gün tərəvəzli şorba yoxsa toyuq şorbası istəyirsən?”

3. Yemək saatlarını pozitiv hala gətirin: Süfrə başı ailəvi söhbət və birlik zamanı olmalıdır. Yalnız qidalanma deyil, əlaqə qurmaq üçün bir fürsət kimi dəyərləndirilməlidir.

4. Uşağın öz bədənini dinləməsinə kömək edin: Onu ac olduqda yeməyə, toxluq hiss etdikdə isə dayanmağa təşviq edin. Bu, öz bədəni ilə əlaqə qurmasına kömək edər.

5. Hisslərini ifadə etməsinə şərait yaradın: Rəsm, oyun və ya nağıl terapiyası kimi üsullarla uşağın duyğularını ifadə etməsinə imkan verin.

6. Peşəkar dəstək vacibdir: Əgər yemə pozuntusu davamlı və ciddi hal alıbsa, psixoloq və ya psixopedoq tərəfindən qiymətləndirilməlidir.

Nəticə

Uşaqlarda yemə pozuntusu bəzən bir "səssiz çağırış" – diqqətə, anlayışa və sevgiyə olan ehtiyacın göstəricisidir. Bu davranışı cəzalandırmaq və ya məcburiyyətlə dəyişdirmək əvəzinə, onun arxasında duran duyğuları başa düşməyə çalışmaq, həm uşağın psixoloji rifahı, həm də sağlam inkişafı üçün vacib addımdır".