Dövlət qeydiyyatından kənarda qalmış 23 uşağın doğumu qeydə alınıb

13 May 2025 10:16 (UTC+04:00)

2024-cü ildə doğumu dövlət qeydiyyatından kənarda qalmış 23 uşağın doğumu qeydə alınıb. SİA xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

Sənəd parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

İllik məlumatda qeyd edilib ki, 56 uşağın valideynlərinə doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə hüquqi yardım göstərilib.

Həmçinin vurğulanıb ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri əks etdirən normativ sənəd layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.