"Zamanımızda baş verən mürəkkəb intellektual və informasiyayönümlü proseslər bütün dünyada olduğu kimi, Azərbaycanda da öz təsirini göstərməyə başlamışdır. Qlobal səviyyədə baş verən texnoloji yeniliklər bəzən Azərbaycan vətəndaşına qəribə görünsə də bunlar həyatın reallıqları və qaçılmaz faktlarıdır". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, hətta bu yerdə “reallıq” anlayışını “virtual reallıq” anlayışı ilə əvəz etsək, daha doğru olar. Bəli, insan get-gedə zəifləyən real ömrü ilə yanaşı, paralel olaraq virtual bir həyat da yaşamağa başlayır: "Virtual reallıq artıq sosial media, internet texnologiyaları və informasiya-kommunikasiya vasitələrində özünü geniş şəkildə göstərir və insanlara ciddi təsir edir. İnformasiya inqilabının məntiqi nəticələrindən biri də süni intellektin həyatımıza sürətlə daxil olmasıdır. Süni intellekt artıq kompüterlərdə icra etdiyimiz bir çox işi əvəzləyir və bizim virtual ekvivalentimizə çevrilməyə başlayır. O, bizim əvəzimizə düşünür, təkliflər verir, qərarlar qəbul edir və müxtəlif funksiyaları yerinə yetirə bilir. Xüsusilə mobil telefonlara inteqrasiya olunması süni intellektin təsir gücünü daha da artırır.
Bu tendensiyanın digər bir tərəfi də insanların real həyatdan uzaqlaşaraq, virtual aləmdə süni intellektlə qurulmuş münasibətlərə üstünlük verməyə başlamasıdır. Zamanında inkişaf etmiş ölkələrdə ev heyvanları və ya kuklalarla evlənmə hallarına rast gəldiyimiz kimi, indi də insanlar süni intellektlə dostlaşmaq, hətta ona aşiq olmaq və evlənmək istəyi ilə çıxış edirlər. Əvvəllər əsasən kişilər bu cür meyillər göstərirdisə, indi qadınlar da süni intellektlə ünsiyyətə üstünlük verməyə başlayıblar. Süni intellektə vurulanlar, ona aşiq olanlar, onu evdə fiziki robot formasında görmək istəyənlər getdikcə artır. Bu kimi hallarda həmin şəxsləri real həyata qaytarmaq artıq çətinləşir.
Bütün bu inkişaflar bir müddət sonra daha da dərinləşə bilər. Gələcəkdə beyinə yerləşdirilən bio-çiplər vasitəsilə insanlar birbaşa idarə oluna bilər. Beləliklə, süni intellekt və robot texnologiyaları yalnız insanlara xidmət etməyəcək, əksinə insanları idarə edən qüvvəyə çevrilə bilər. Hətta bu zaman “bir kişinin bir neçə arvadı olması” kimi ənənəvi məsələlər öz yerini “bir insanın bir neçə süni intellektlə münasibət qurması, evlənməsi və ya dostlaşması” kimi yeni reallıqlara buraxa bilər.
Süni intellektin insanlara verdiyi faydalar danılmazdır. Lakin bunun mənfi tərəfləri də mövcuddur. Biz bu texnologiyadan çox şey əldə etsək də, onun da bizdən qarşılığında nələrsə alması ehtimalı reallığa çevrilməkdədir. İnsanların bir-birindən uzaqlaşması, asossiallaşması, qarşılıqlı ünsiyyətin zəifləməsi, küskünlük və tək qalma halları süni intellektə olan marağı daha da artırır. Beləliklə, insanlar robotlarla dostluğa, paylaşmağa və yaxın münasibətlər qurmağa üstünlük verirlər.
Hazırda bu tendensiyanın qarşısını almaq üçün universal vasitələr mövcud deyil. Lakin cəmiyyət olaraq bunun fərqində olmaq və balansı qorumaq üçün maarifləndirmə və tənzimləmə mexanizmləri yaratmaq vacibdir".