Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

12 May 2025 16:25 (UTC+04:00)

Azərbaycanın güləş milliləri bölgələrdə təlim-məşq toplanış keçəcəklər. SİA xəbər verir ki, müxtəlif yaş qrupları üzrə yığmaların qarşıdan gələn mühüm yarışlara hazırlığı intensiv formada davam edir.

Daha əvvəldən məlum olduğu kimi, yunan-Roma güləşi üzrə böyüklərdən ibarət milli Vladiqafqazda təlim-məşq toplanışı keçir.

U-20 millisi isə Antalyada keçirilən “Çempionlar” turnirində çıxışını başa vurduqdan sonra fasilə vermədən növbəti hazırlıq prosesinə start verib. Belə ki, komanda mayın 11-dən 24-dək Qax Olimpiya İdman Kompleksində toplanış keçəcək. Növbəti toplanış isə mayın 27-dən iyunun 9-dək isə Xaçmaz Olimpiya İdman Kompleksində baş tutacaq.

Eyni yaş qrupu üzrə sərbəst güləşçilər də Qaxa yollanacaqlar. Ancaq bu növ üzrə U-20 millisinin bölgə toplanışı mayın 28-dən iyunun 11-dək olan müddəti əhatə edir. Buna qədər məşqlər Bakıda keçiriləcək.

Böyüklərdən ibarət sərbəst güləş yığması mayın 14-də Quba Olimpiya İdman Kompleksində növbəti təlim-məşq toplanışına başlayacaq. İki həftə davam edəcək hazırlıq prosesində Türkiyə millisi də iştirak edəcək.

Qadın güləşçilər iki qrupa bölünüb. U-20 və böyüklərdən ibarət heyət Quba Olimpiya İdman Kompleksində, U-15 və U-17 milliləri Abşeron Olimpiya İdman Kompleksində məskunlaşıb. Hər iki toplanış mayın 11-dən 24-dək davam edəcək.

Sərbəst güləş üzrə U-17 millimiz mayın 7-dən Xaçmaz Olimpiya İdman Kompleksində toplanışdadır. Özbəkistanın müvafiq komandası ilə birgə keçirilən hazırlıq prosesi ayın 21-də yekunlaşacaq.