"Yol hərəkəti haqqında Qanunda göstərilir ki, sənədlər avtomobilin üzərində olmalıdır". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev deyib.
O bildirib ki, indi texnologiya inkişaf edib, sistemdən bütün sənədlərə baxmaq olur: "Buna artıq cərimə düşmür. Yol Patrul Xidməti əməkdaşı sistemə girərək sənədləri görə bilir.
Əslində sürücünün sənədləri onun üstündə olmalıdır. Bu qanun olaraq onların üzərində olan bir tələbdir. İnzibati xətalar məcəlləsinin 152.2-ci maddəsində göstərilir ki, nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idaretməyə görə məsuliyyət var. Eyni zamanda qanunda göstərilir ki, yola çıxan istənilən sürücünün üzərində sürücülük vəsiqəsi, avtomobilin qeydiyyat şəhadətnaməsi, əgər avtomobil öz adına deyilsə, etibarnamə və sığorta vərəqələri mütləq qaydada olmalıdır. Lakin bunu da nəzərə alaq ki, bu qanunun qəbul olunduğu dövrlə indiki eyni deyil. Artıq hər şey elektronlaşdırılıb və yol polisi əməkdaşları da ən son texnologiya ilə təmin olunublar. Onlar artıq sürücünün məlumatlarını öyrənərək vətəndaşın sürücülük vəsiqəsinin olub-olmadığını rahatlıqla öyrənə bilərlər. Yol polisi əməkdaşı sürücünü saxlayır və saxlayan kimi sistemə vurub görür ki, bu vətəndaşın sürücülük vəsiqəsi, cəriməsi varmı və digər məlumatlarını asanlıqla öyrənə bilər. Təbii ki, sürücünün vəsiqəsi, yəni o kağız parçasından ibarət plastikin sürücünün üzərində olmadığı üçün ona cərimə yazmaq düzgün deyil. Əvvəllər bu baş verirdi, çünki hələ o zamanlar informasiya texnologiyaları belə inkişaf etməmişdi. Lakin günümüzdə belə şikayətlər demək olar ki, bizə daxil olmur. Bunu da qeyd edim ki, qanunvericilik mütamadi olaraq yenilənir və müasir dövrlə tarazlıq yaratmaqa çalışır".