İtaliya sahillərində qayıqda ikisi uşaq olmaqla ölmüş üç miqrant aşkarlanıb

12 May 2025 03:51 (UTC+04:00)

İtaliyanın cənubundakı Lampeduza adası sahillərində qayıqda ikisi uşaq olmaqla ölmüş üç miqrant aşkar olunub. SİA xəbər verir ki, onların 57 nəfərlə birlikdə həftənin əvvəlində Liviyanın Zaviya şəhərindən yola düşən 8 metrlik qayıqda aclıq və susuzluqdan öldüyü bildirilir. Qayıqdakı digər miqrantlar humanitar gəmi tərəfindən xilas edilib. Bir nəfər itkin düşüb.

Xilas olunanlar Lampeduza adasındakı düşərgəyə çatdırılıb. Miqrantlar Qambiya, Qana, Niger, Syerra-Leone, Nigeriya və Toqo vətəndaşlarıdır.

Bundan başqa, ötən gecə ərzində İtaliya sahil mühafizə xidmətinin patrul gəmiləri tərəfindən xilas edilən daha 236 miqrant Lampeduza adasına gətirilib.

Qeyd edək ki, 2014-cü ildən bəri Aralıq dənizində Avropaya çatmağa çalışan təxminən 32 min, təkcə cari ilin əvvəlindən indiyədək isə 500-dək insan ölüb və ya itkin düşüb. Onların çoxu uşaq və yeniyetmələr olub.