Sankt-Peterburqda Ümummilli Liderin xatirəsi yad edilib

10 May 2025 22:47 (UTC+04:00)

Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi və tarixi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov mayın 10-da Azərbaycanın bu şəhərdəki Baş konsulluğunu ziyarət edib.

SIA xəbər verir ki, ziyarət zamanı qubernator Aleksandr Beqlov Ümummilli Liderin xatirə guşəsi önünə gül dəstələri düzərək dərin ehtiramını bildirib, dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşüb və Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgi ilə tanış olub.

Həmin gün Baş konsulluğun əməkdaşları Ümummilli Liderin 1949–1950-ci illərdə təhsil aldığı SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin ali məktəbinin binasında yerləşən barelyefini ziyarət edərək, xatirəsini dərin ehtiramla yad edib və önünə gül dəstələri düzüblər.