Ankarada Ulu Öndərin xatirəsinə həsr olunmuş idman yarışları keçirilib

10 May 2025 19:34 (UTC+04:00)

Mayın 10-da Ankaradakı Altındağ Gənclik Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş idman turnirləri təşkil olunub.

SİA xəbər verir ki, idman yarışlarının təşkilatçıları Türkiyə-Azərbaycan Dostluq, Həmrəylik və Əməkdaşlıq Fondu (TADİV), “Buta” Gənclər Cəmiyyəti və Türkiyənin Gənclər və İdman Nazirliyinin tabeliyində olan Altındağ Gənclik Mərkəzi olub.

Tədbirin açılışında TADİV-in rəhbərliyi, diplomatlar, Türkiyənin Gənclər və İdman Nazirliyinin əməkdaşları, iki qardaş ölkənin ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Turnirlərin iştirakçıları qarşısında çıxış edən TADİV-in rəhbəri, professor Aygün Attar türk dövlətləri gənclərini Ümummilli Lider Heydər Əliyevin ideyaları ətrafında birləşməyə, Türk dünyasında həmrəylik və əməkdaşlığa diqqət yetirməyə çağırıb.

O qeyd edib: “Müasir Azərbaycanın uğurları Ulu Öndərin adı ilə qırılmaz şəkildə bağlıdır. Heydər Əliyev ideyaları yaşamaqda davam edir, yeni vətəndaş nəsillərinin yolunu işıqlandırır”. TADİV rəhbəri Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsinə həsr olunmuş tədbirlərə dəstək verdiyinə görə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.

A.Attar Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş idman turnirlərinin yaxşı ənənəyə çevriləcəyinə ümidvar olduğunu bildirib.

“Buta” gənclər cəmiyyəti Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol turnirində səkkiz komandanın iştirak etdiyini, bəzilərini türk dövlətləri və Afrika ölkələrindən olan tələbələrin təmsil etdiyini bildirib.

“Buta” cəmiyyətinin rəhbəri Tural Qafarlı bildirib ki, mühüm istiqamətləri Türk dünyası və Afrika olan Azərbaycanın çoxvektorlu siyasətini təcəssüm etdirən turnirdə Azərbaycanın tələbə cəmiyyətlərinin komandaları ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən gənclər də iştirak edir.

Onun sözlərinə görə, turnirlərin qalibləri Türkiyənin Turizm və İdman Nazirliyinin medalları, eləcə də Azərbaycanın Ankaradakı səfirliyinin həvəsləndirici mükafatları ilə təltif olunacaq.

Altındağ Gənclik Mərkəzinin direktoru Bahadır Gökhan Özçelik, öz növbəsində, dahi Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirə verdiyi töhfədən qürur duyduğunu bildirib. Onun sözlərinə görə, voleybol, tennis, basketbol və futbol yarışlarında 250-dən çox məktəbli, eləcə də Türkiyənin müxtəlif universitetlərinin tələbələri iştirak edirlər. İbtidai sinif şagirdləri arasında oxatma yarışları da təşkil olunur.

O vurğulayıb: “Böyük siyasətçinin doğum günü Türkiyə xalqı üçün əlamətdar tarixdir, Heydər Əliyevin vəsiyyətləri işığında Azərbaycanla həmrəylik nümayiş etdirmək bir fürsətidir. Onun xatirəsi bütün Türk dünyasında yaşamalıdır, Heydər Əliyev irsi hər yerdə gənclər tərəfindən öyrənilməlidir”.