Bərdə Rayon İcra Hakimiyyəti və YAP Bərdə rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş "Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir" adlı konfrans keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.
Bərdə Mədəniyyət Mərkəzində davam edən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Əsrin adamı” adlı film nümayiş olunub.
Konfransda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlət və xalq qarşısında xidmətlərindən, xilaskarlıq missiyasından bəhs edib. Bildirib ki, nə qədər Azərbaycan dövləti və xalqı var, Ulu Öndər Heydər Əliyev də var olacaq, dahi rəhbərə olan sevgi və inam daim artacaq!
YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidməti böyük dövlətçilik təcrübəsi və müdrik siyasəti ilə müstəqil Azərbaycanı qurması və möhkəmləndirməsidir. Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın ən yeni tarixini yazmış fenomen şəxsiyyətdir. Bu siyasəti inamla davam etdirən Prezident İlham Əliyev Ulu Öndərin yaratdığı şanlı tarixi yaşatmaqla birlikdə, həm də artıq yeni dövlətçilik məktəbinin banisinə çevrilib, 44 günlük tarixi Zəfəri qazanmaqla yeni bir tarixi epoxanın əsasını qoyub.
Konfransda YAP-a yeni üzv olanlara vəsiqələr təqdim edilib.