Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə Masallı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Ana və uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. SİA xəbər verir ki, konfrans Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının və “Ascent” şirkətinin dəstəyi ilə təşkil olunub.
Konfransın elmi hissəsində Azərbaycan, Türkiyə və İngiltərənin aparıcı tibb müəssisələrində çalışan yüksəkixtisaslı mütəxəssislər təqdimatlarla çıxış ediblər.
Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq-ginekologiya kafedrasının müdiri, professor Leyla Rzaquliyevanın və Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalının mama-ginekoloqu Fidan İsrafil-Bəylinin moderatorluğu ilə keçirilən “Mamalıq patalogiyaları” mövzusunda birinci paneldə Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalının mama-ginekoloqu Fidan İsrafil-Bəyli “Böyük Britaniyanın universitet klinikasında vaxtından əvvəl doğuşlara müasir yanaşma”, Türkiyənin Avropa Asiya Mama-Ginekologiya Dərnəyinin rəhbəri, qadın xəstəlikləri və doğum uzmanı Məlahət Atasevər “Doğuşa yardım üçün istifadə olunan müasir mamalıq alətləri”, Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi Təranə Bayramova “Hamilələrdə hipertenziv vəziyyətlərə müasir baxış” mövzusunda, Laboratoriya şöbəsinin rəisi Səbinə İbrahimova “Reproduktiv endokrinologiyanın laborator diaqnostik təhlili” mövzularında çıxış ediblər.
Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi Təranə Bayramova və Avropa-Asiya Mama-Ginekologiya Dərnəyinin rəhbəri, qadın xəstəlikləri və doğum uzmanı Məlahət Atasevərin moderatorluğu ilə keçirilən “Ginekologiyada müasir müalicələr” mövzusunda ikinci paneldə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq-ginekologiya kafedrasının müdiri, professor Leyla Rzaquliyeva “Uşaqlıq boynu patologiyalarına müasir baxış”, Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalının mama-ginekoloqu Fidan İsrafil-Bəyli “Böyük Britaniyada uroginekoloji mərkəzdə qadın cinsiyyət orqanlarının sallanması və sidikqaçırmanın diaqnostika və müalicəsinin müasir metodları”, Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq Təranə Bayramova “Müasir ginekologiyada lazer texnologiyası” və Türkiyənin Avropa Asiya Mama-Ginekologiya Dərnəyinin rəhbəri Məlahət Atasevər “Endometrial hiperplaziya, diaqnostika və müalicəsinə müasir yanaşma” mövzularında təqdimatlarla çıxış ediblər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin neonatologiya üzrə mütəxəssis eksperti, Əməkdar həkim Rüstəm Hüseynov və Oksigen Klinik Xəstəxanası Fetal Görüntüləmə Mərkəzinin rəhbəri Azər Fərəcin moderatorluğu ilə keçirilən “Neonatologiyada və Pediatriyada aktual mövzular” mövzusunda üçüncü panelində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov “Prenatal diaqnostika və təcili kardiak problemlər” mövzusunda, Türkiyənin Ankara Yıldırım Beyazıt Universitetinin Uşaq sağlamlığı və xəstəlikləri bölməsinin professoru Nihal Demirel “Yenidoğulmuşlarda PPH-yə (Persistan Pulmonar Hipertenziyaya) yanaşma - nələri bilməliyik?”, Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloq-reanimatoloqu Təranə Göyüşova “Körpə uşaqlarda sancı-diaqnostika və yanaşma” və Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin rəisi Səbinə İbrahimova “Yenidoğulmuşlarda prokalsitonin və C-reaktiv zülalın diaqnostik əhəmiyyəti” mövzularında çıxış ediblər.
Qeyd edək ki, konfransda yerli həkimlərlə beynəlxalq ekspertlər arasında təcrübə mübadiləsinin təmin edilməsi üçün panel müzakirələri və sual-cavab sessiyaları təşkil olunub. Konfransın hər bir iştirakçısına 7 DTT balı və sertifikat verilib.