Heydər Əliyevin ildönümü XRİTDX-də silsilə tədbirlərlə qeyd olunub - FOTOLAR

10 May 2025 12:01 (UTC+04:00)

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən silsilə tədbirlər təşkil olunub. SİA xəbər verir ki, Dövlət Xidmətindən bildirilib ki, tədbirlər çərçivəsində XRİTDX-nin şəxsi heyəti Heydər Əliyev Mərkəzini ziyarət edib, burada dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən ekspozisiyalarla tanış olub. Xidmətin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, onun əziz xatirəsini dərin ehtiramla anıblar.

Daha sonra Xidmətin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən XRİTDX-nin rəis müavini general-mayor Allahverən İsmayılov Heydər Əliyevin müasir Azərbaycanın qurucusu kimi misilsiz xidmətlərindən, dövlətçiliyimizin möhkəmləndirilməsində və milli təhlükəsizlik sahəsində həyata keçirdiyi uzaqgörən siyasətdən ətraflı danışıb.

Tədbirdə, həmçinin digər iştirakçılar da Ulu Öndərin xidmətlərindən bəhs ediblər. Sonda Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.