Meksika hakimiyyəti "Google" korporasiyasını məhkəməyə verib. SİA xəbər verir ki, buna səbəb "Google Maps" xəritə xidmətində Meksika körfəzinin adının Amerika körfəzi kimi dəyişdirilməsidir. Ölkə prezidenti Klaudia Şeynbaum mətbuat konfransı zamanı bu barədə söyləyib: "Artıq iddia qaldırılıb, hazırda baxılma mərhələsindədir". O, Meksikanın tələbinin nə olduğunu da açıqlayıb: "Bizim yeganə istəyimiz odur ki, ABŞ hökumətinin Meksika körfəzinin adının Amerika körfəzi olaraq dəyişdirilməsi ilə bağlı sərəncamı yerinə yetirilsin. ABŞ hökumətinin Amerika körfəzinə dair sərəncamında yalnız ABŞ-nin materik şelfinə uyğun hissə qeyd olunur, bütün körfəz deyil, çünki hökumətin bütün körfəzə ad verməyə səlahiyyəti yoxdur".
Prezident vurğulayıb ki, onlar öz ərazilərində yerləşən hissəni istədikləri kimi adlandıra bilərlər. Amma Meksikaya aid olan hissənin adını dəyişmək olmaz.