...Amerikalı alimlərin mayın 8-də space.com saytında dərc etdirdikləri araşdırmaya görə, Nyu-York, Çikaqo, Dallas və Denver kimi meqapolislər də daxil olmaqla ABŞ-ın ən sıx məskunlaşdığı 28 şəhərdə hər il iki ilə on millimetr arasında yer səthinin çökməsi müşahidə olunur.
Hesabatda 28 şəhərin hər birinin ən azı 2 faizinin çökmənin təsirinə məruz qaldığı, 25 şəhərin isə ərazilərinin ən azı 65 faizinin təsirləndiyi müəyyən edilib.
Virciniya Texniki və Virciniya Dövlət Universitetindən olan tədqiqatçılar qrupu ABŞ-ın böyük şəhərlərində yerin çökməsinin ətraflı xəritələrini yaratmaq üçün peyk radar məlumatlarından istifadə edib.
Ən yüksək çökmə nisbətləri Texas ştatının şəhərlərində, xüsusilə Hyustonda qeydə alınıb. Bu şəhərdə ərazinin təxminən 40 faizi ildə 5 millimetrdən çox batır, ərazinin 12 faizində isə çökmə nisbəti ildə 10 millimetri keçir. Araşdırmanın aparıcı müəllifi Leonard Oxenxen qeyd edir ki, hətta kiçik şaquli yer hərəkətləri zaman keçdikcə binalara, körpülərə, dəmir yollarına və yollara ciddi ziyan vura bilər. Torpağın çökməsi hər yerdə baş verən təbii geoloji proses olsa da, Virginia Tech-in alimləri müəyyən ediblər ki, ABŞ şəhərlərində çökmənin 80 faizi insan ehtiyaclarını ödəmək üçün yeraltı suların vurulması nəticəsində baş verir.
Tədqiqat mümkün həll yollarını təklif edir, o cümlədən çökmə monitorinqinin gücləndirilməsi, yeraltı suların idarə olunması strategiyalarına yenidən baxılması və infrastrukturun bu fenomenə uyğunlaşdırılması.
SİA-nın məlumatına görə, işin nəticələri mayın 8-də Nature Cities jurnalında təqdim olunub.
Nazlı Almuradova