Ulu Öndər Heydər Əliyevə həsr olunmuş minifutbol turniri keçirilib

9 May 2025 12:35 (UTC+04:00)

Dünən Şabran şəhəri, "Bayraq Meydanı"nda yerləşən süni örtüklü futbol meydançasında Şabran Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Şabran rayon Təşkilatı və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Şabran rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş idarə, müəssisə və təşkilatlar arasında minifutbol idman növü üzrə Şabran rayon çempionatına yekun vurulub. 10 aprel tarixindən başlamış yarışların finalında Şabran Yaradıcılıq-İstirahət Kompleksi ilə İcra Hakimiyyəti komandası arasında keçirilən oyun 1-1 hesabı ilə başa çatıb. Əlavə penaltilər seriyasında Şabran Yaradıcılıq-İstirahət Kompleksi 2:0 hesabı ilə qalib gəlib.
Çempionatın mükafatlandırma mərasimində Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, YAP Şabran rayon Təşkilatının sədri Mehdi Balabəyov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, Şabran şəhər Bələdiyyəsinin sədri Fidan Fərzəliyeva və digər idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Gərgin idman mübarizəsi şəraitində keçən çempionatın qalibləri Şabran Rayon İcra Hakimiyyəti, YAP Şabran rayon Təşkilatı, Şabran şəhər Bələdiyyəsi Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom, medallar və kubokla təltif olunublar.