Yeni sənədli serial İkinci Dünya müharibəsi dövründə isveçlilərdən bəhs edəcək

9 May 2025 07:04 (UTC+04:00)

İsveçin SVT telekanalı İkinci Dünya müharibəsi dövründə isveçlilərin həyatına həsr olunmuş yeni “İsveç və müharibə” sənədli serial çəkməyə başlayır. SİA xəbər verir ki, layihəyə hazırlıq zamanı telekanal vətəndaşlara müraciət edərək şəxsi xatirələrini, məktubları, gündəlikləri, foto və videoçəkilişlər göndərməyi xahiş edib. Nəticədə 3 mindən çox cavab daxil olub. Onların arasında daha əvvəl ictimaiyyətə təqdim olunmamış unikal arxiv materialları da var.

Serialın müəllifləri Kristina Lindstrem və Henrik Stokare 120-dən artıq şahidlə müsahibə aparıb. Onların bir çoxu çəkilişdən qısa müddət sonra vəfat edib ki, bu da layihəyə xüsusi dəyər qatır. Serialda ekspert rəylərinə yer verilmir, əsas diqqət həmin dövrün məktub və gündəliklərində qorunub saxlanılmış şəxsi hekayələrə yönəlib.

Arxiv videolarının əksəriyyəti rəqəmsallaşdırılıb, rənglənib və səsləndirilib. Bu isə tarixi hadisələri müasir tamaşaçı üçün daha anlaşıqlı edir. Bununla belə, orijinal materialların dəyişdirilməsinin məqsədəuyğunluğu ilə bağlı ictimai müzakirələr də yaranıb. Lakin müəlliflər hesab edirlər ki, bu yanaşma həmin dövrü daha yaxşı anlamağa imkan verir.

Serialda, həmçinin İsveçin nasist Almaniyası qarşısında göstərdiyi güzəşt siyasəti və bəzi isveçlilərin qonşu ölkələrdən olan qaçqınların xilasında iştirakı kimi mürəkkəb mövzulara da toxunulur.

Serialın premyerası mayın 11-də yayımlanacaq və İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunacaq.