Botanika İnstitutunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda seminar keçirilib.
SİA-nın məlumatına görə, institutdan bildirilib ki, tədbiri Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva açaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğundan, o cümlədən müstəqil ölkəmizdə təbiətin mühafizəsi və yaşıllığın artırılması üzrə misilsiz xidmətlərindən danışıb.
Professor qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin fəaliyyətində ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə məsələləri həmişə xüsusi diqqət mərkəzində dayanıb. Onun rəhbərliyi ilə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mühüm qanunlar, qərarlar qəbul edilib, bu sahədə çox böyük dəyişikliklər həyata keçirilib. S.İbadullayeva Ulu Öndərin müdrik siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin imzası ilə ölkədə həyata keçirilən təbiətin mühafizəsi proqramlarını xüsusi vurğulayıb.
Seminarda bioloq alimlərdən Nigar Mürsəl qızı, Aydın Əsgərov, Nuri Mövsümova, Lətafət Mustafayeva və Sadıq Qarayev öz məruzələrində Ulu Öndərin Azərbaycanın inkişafı naminə gördüyü böyük və əvəzedilməz işlərdən, ölkəmizin bu günü və gələcəyi üçün qoyduğu zəngin irsdən bəhs ediblər.
Seminarın sonunda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi olub və kollektiv Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib.