Naxçıvan şəhəri İlham Əliyev adına Olimpiya İdman Kompleksində 2010-2013-cü il təvəllüdlü oğlan və qız cüdoçular arasında muxtar respublika turniri keçirilib.
SİA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş yarışda 70 idmançı medallar uğrunda mübarizə aparıb.
Tədbirin açılış mərasimində Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda idmanın yüksəlişi və gələcək inkişafındakı misilsiz xidmətlərindən bəhs edib, dahi rəhbərin əsasını qoyduğu idman siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Nazir müavini bildirib ki, hər il olduğu kimi, bu il də muxtar respublikada Heydər Əliyev dühasına hörmət və ehtiram əlaməti olaraq silsilə tədbirlər, o cümlədən idman yarışları keçirilir. Bu kimi tədbirlər, eyni zamanda, məşqçi, hakim və idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsinə, bədən tərbiyəsi və idmana olan marağın artırılmasına hədəflənib.
Yarış açıq elan olunduqdan sonra Dövlət Himni səsləndirilib. Ardınca mübarizəyə start verilib. Görüşləri Azərbaycan Cüdo Federasiyasından olan hakimlər idarə ediblər.
Nəticələrə gəlincə, Davud Məmmədzadə (38 kq), Onur Fərzəliyev (42 kq), Fuad Cəlilzadə (46 kq), Elvin Cəfərov (50 kq), Yusif Əsədli (55 kq), Hüseyn Mustafayev (60 kq), Sadiq Rzazadə (66 kq), Səccad Heydərov (73 kq), Mirməhəmməd Hacılı (+73 kq), Ləman Bağırova (36 kq), Nuray Cabbarli (40 kq), Yağmur Əlizadə (44 kq), Nuray Kərimova (48 kq) və Aysu Səfərova (65 kq) müvafiq yaş və çəki kateqoriyalarında birinci olublar.
İlk üç yerin sahibləri diplom və medallarla təltif ediliblər.