Dünyanın sabitliyinə təhlükə törədən bütün münaqişələrin, o cümlədən, Ukrayna, Yaxın Şərq, xüsusilə Qəzzada, Fələstində, habelə Afrikada müharibələrin tezliklə dayandırılmasının, ümumbəşəri mənafelər naminə sülh yolu ilə beynəlxalq hüquq müstəvisində ədalətli həllinin tərəfdarıyıq. SİA xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin dəvəti ilə iştirak etdiyi 28-ci Avrasiya İqtisadi Zirvəsində deyib.
O, vəqfin rəhbəri Akkan Suveri Azərbaycanın sadiq dostu adlandırıb.
QMİ sədri bildirib ki, dini liderlərin görüşlərinin əsas məqsədi dünyada baş verən qlobal fəlakətlərə və ictimai təhlükələrə qarşı birgə mövqe və həmrəylik nümayiş etdirməkdir:
"Bu gün müasir dünyada meydana gəlmiş yeni təhlükəli meyillər, əsrlərlə insan təfəkküründə, mənəviyyatında yer almış dini-mədəni dəyərlərin təhrif və təhqir olunması, təəssüf ki, davam etməkdədir və bu da hər birimizin ümdə arzusu olan sülhün yaradılmasına ən böyük zərbəni vurmaqdadır".
Toplantıda Allahşükür Paşazadəyə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin yaradılmasının 40-cı ildönümü münasibətilə xatirə mükafatı təqdim olunub.