“Coğrafi baxımından fərqli ərazilərdə yerləşməyimizə, məsafə baxımından kifayət qədər uzaq olmağımıza baxmyaraq Vyetnam və Azərbaycan xalqları artıq uzun illərdir ki, bir-birini tanıyır və həmişə bir-birinə xüsusi hisslər bəsləyiblər”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli deyib.
Əhməd Abbasbəyli sözlərinə belə davam edib: “Hələ tələbəlik illərində xatırlayıram - keçən əsrin 70-80-ci illərindən Bakının ali məktəblərində çoxlu sayda Vyetnamlı tələbələr müxtəlif ixtisaslara yiyələnərək öz ölkələrinə savadlı, faydalı mütəxəssislər kimi qayıdırdılar. O da yadımdadır ki, sovet dönəmində Bakı şəhərinin Vyetnamın Vunq-Tau şəhəri ilə qardaşlaşması hər iki ölkədə əlamətdar tədbir kimi böyük təntənə ilə qeyd olunurdu.
Təbii ki, bu gün daha çox Qərbə köklənmiş müasir gənc nəsil üçün Vyetnam bir az ekzotik, yad görünə bilər, amma danılmaz faktdır ki, Azərbaycan Vyetnam əlaqələrinin tarixi həm dərin, həm də zəngindir. İki xalq arasında xüsusi ənənəvi dostluq əlaqələri formalaşıb. Məhz bu münasibətlər, bu əməkdaşlıq çoxsaylı tarixi sınaqları və zamanın çağırışlarını birlikdə dəf ediblər. Əminliklə demək olar ki, məhz Azərbaycanda təhsil alan minlərlə yüksək ixtisaslı kadrların Vyetnamın bu günkü inkişafında böyük rolu var.
Əlbəttə ki, son illərdə əlaqələrin daha da intensivləşməsi, xüsusi ilə də Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Bakı səfəri, səfərin nəticəsi olaraq qəbul edilmiş qərarlar və imzalanmış sənədlər bu münasibtələrin yeni, daha yüksək səviyyəyə yüksəlməsinə dəlalət edir. Bu təkcə qarşılıqlı siyasi əlaqələrin deyil, həm də iqtisadi sahədə hər iki ölkənin bir-birinin təcrübəsindən yararlanması baxımından perspektivlərin olmasını aktuallaşdırır. Şübhəsiz ki, bu kimi hadisələr ilk növbədə ölkəmizin beynəlxalq aləmdə həm siyasi, həm də iqtisadi nüfuzunun və əhəmiyyətinin artmasının sübut edən amillərdəndir. Yaşıl iqtisadiyyata keçid, son dövrlərdə ölkəmizin Avropanı enerji ilə təminatı, tranzit ölkə kimi Avropaya çıxış imkanlarının xüsusi əhəmiyyət kəsb etməsi, Azərbaycan üzərindən Qərbə açılan qapılar və ticarət əlaqələrinin genişləndirmək imkanı yaratması və s. ölkəmizlə əməkdaşlığı daha da cəlbedici etməklə yanaşı, bizim üçün də marağa səbəb olur və iqtisadi inkişaf üçün meydan açır. Son illər Cənubi-Şərqi Asiya ölkələrinin iqtisadi sıçrayışı bu təcrübədən yararlanmaq imkanları bizim ölkəmiz üçün də yeni perspektivlər yaradır. Vyetnamla əlaqələrin inkişafı ölkəmizdə turizmin inkişafı baxımından, investorların cəlb olunması, ticarət əlaqələrimizi daha da genişləndirərək daha geniş çeşid məhsul ixracatı kimi mühüm nəticələr əldə olunmasına səbəb ola bilər. Ən vacib və gəlirli sahə kimi isə müasir texnologiyaların, elektronika, digər texniki avadanlıqların istehsalı və s. baxımından Vyetnam təcrübəsinə istinad edərək həm daxili tələbatı ödəmək, həm də xarici bazara çıxışa nail olmaq baxımından faydalı olacağını söyləmək olar”.
Ayşən Vəli