“Azərbaycan dövləti bu sahədə mühüm addımlar atmışdır” - MÜNASİBƏT BİLDİRİLDİ

8 May 2025 13:34 (UTC+04:00)

“Beynəlxalq Talassemiya Günü bu xroniki və irsi xəstəlikdən əziyyət çəkən insanlar üçün həm bir xatırlatma, həm də onlara göstəriləcək qayğı və dəstək baxımından önəmli bir gündür. Bu gün bizi bu xəstələrin vəziyyəti barədə düşünməyə, onlar üçün daha çox nə edə biləcəyimizi nəzərdən keçirməyə təşviq edir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli deyib.

Müşfiq Məmmədli sözlərinə belə davam edib: “Azərbaycan dövləti sosial dövlət modelinə uyğun olaraq bu sahədə mühüm addımlar atmışdır. Həm elmi-tədqiqat institutları səviyyəsində, həm də xüsusi tibb müəssisələri – o cümlədən Talassemiya Mərkəzi vasitəsilə ciddi işlər görülmüşdür. Xüsusilə bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüs və dəstəyi ilə çox mühüm layihələr həyata keçirilmişdir.

Demək olar ki, nəinki Qafqazda və ya keçmiş MDB məkanında, hətta dünya miqyasında örnək ola biləcək müasir bir tibbi infrastruktur yaradılmışdır. Talassemiyadan əziyyət çəkən xəstələrin müalicəsi üçün dərman preparatları ilə təminat, hətta bəzi hallarda xarici ölkələrdə müalicələrinin təşkil olunması istiqamətində mühüm addımlar atılmışdır.

Səhiyyə sistemində aparılan islahatlar, dövlət proqramlarının qəbul olunması və Heydər Əliyev Fondunun bilavasitə dəstəyi nəticəsində talassemiya ilə mübarizə sahəsində böyük nailiyyətlər əldə edilmişdir. Bu, əslində, sosial məsuliyyətin və humanist yanaşmanın nümunəsidir.

Bu xəstələr bu gün həm icbari tibbi sığorta sistemi vasitəsilə, həm də dövlətin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Leyla xanım Əliyevanın timsalında göstərilən mənəvi və praktiki dəstək sayəsində qayğı və diqqətlə əhatə olunurlar. Onlara göstərilən bu mərhəmət və şəfqət müasir Azərbaycanın insana və sağlamlığa verdiyi dəyərin bariz göstəricisidir”.

Ayşən Vəli