Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür

8 May 2025 12:12 (UTC+04:00)

Hər il mayın 8-i dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir. SİA xəbər verir ki, orqanizmin sağlam qırmızı qan hüceyrələri istehsal etmə qabiliyyətinə təsir göstərən irsi qan xəstəliyi talassemiya adlanır. Xəstəlik qırmızı qan hüceyrələrinin oksigen daşıyan zülalı olan hemoqlobinin istehsalında genetik qüsur nəticəsində baş verir. Hemoqlobin orqanizmin oksigen ehtiyacını qarşılayan mühüm bir zülal olduğundan kifayət qədər hemoqlobin istehsal edilməməsi müxtəlif sağlamlıq problemlərinə səbəb olur.

Beynəlxalq Talassemiya Günü 1994-cü ildə Beynəlxalq Talassemiya Federasiyası tərəfindən təsis olunub və bu günün əsas məqsədi talassemiyalı insanlar üçün görülməli olan tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir. Bu, ilk növbədə, profilaktika, keyfiyyətli tibbi xidmətin əlçatanlığı, sosial inteqrasiya, həmçinin elmi tədqiqatlara və yeni terapevtik yanaşmalara çıxışdır.

Talassemiya diaqnozu ətraflı qan müayinəsi və genetik analizlər nəticəsində qoyulur. Həmin testlər talassemiyanın olub-olmadığını və hansı növ olduğunu müəyyən etməyə kömək göstərir. Xəstəliyin növü və şiddətinə uyğun olaraq xəstələr üçün uyğun müalicə variantlarının müəyyən edilməsində diaqnostik proses böyük əhəmiyyət kəsb edir. Talassemiya diaqnozu üçün qanın ümumi analizi, hemoqlobin elektroforezi, DNT və genetik testlər, periferik qan yaxmasından istifadə olunur.

Talassemiya adətən anemiya, yorğunluq, solğun dəri və genişlənmiş dalağa səbəb olur. Yüngül hallarda əlamətlər özünü daha az büruzə verir və müalicə tələb etməyə bilər. Ancaq daha ağır hallarda müntəzəm qanköçürmə və hətta sümük iliyinin transplantasiyası kimi müalicə üsulları tələb olunur. Talassemiya genetik xəstəlik olduğundan valideynlərdən uşaqlara ötürülür və xəstəliyin diaqnozunda ailənin keçmişi mühüm rol oynayır.

Xəstəliyin ən ağır formalarına əksər hallarda qan qohumluğu olan nikahlarda təsadüf edilir. Bir-biri ilə yaxın qohum olan gənclərin ailə qurması gələcəkdə ağır patologiyalı, o cümlədən talassemiyalı uşaqların doğulmasına səbəb olur.

Valideynlərdən gen vasitəsilə uşağa keçən ağır irsi qan xəstəliyi olan talassemiya genetik çatışmazlıq nəticəsində hemoqlobin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə edilir. Dəmir defisitli anemiyada dəmir preparatlarının qəbulu qanın tərkibinin yaxşılaşmasına səbəb olursa, talassemiya zamanı bu preparatların qəbul edilməsi xəstəyə zərərli təsir göstərir.

Talassemiyanın müalicəsi xəstəliyin növündən və şiddətindən asılı olaraq dəyişir. Yüngül formalarda müntəzəm tibbi müayinələr kifayət etsə də, ağır formalarda intensiv müalicə üsulları tələb olunur. Müalicə xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq, anemiyanı nəzarətdə saxlamaq və ağırlaşmaların qarşısını almaq məqsədi daşıyır. Talassemiya qanköçürmə, dəmir xelat terapiyası, sümük iliyi köçürülməsi, gen terapiyası, fol əlavəsi və qidalanma üsulları ilə müalicə olunur.

Hazırda Azərbaycanda qeydiyyatda olan 3 min 280 nəfər talassemiyalı xəstə var. Son illər ölkəmizdə talassemiya xəstəliyinin müalicəsi və diaqnostikası sahəsində mühüm tədbirlər görülüb. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Qanun həmin xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaradıb.

Ölkəmizdə bir sıra qeyri-hökumət təşkilatının iştirakı ilə talassemiyalı xəstələrin aşkarlanması və müalicəsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin yaradılması nəticəsində bu xəstələrin müalicəsinin müasir səviyyədə təşkili mümkün olub. 2014-cü ildən talassemiyanın radikal müalicə üsulu olan sümük iliyi transplantasiyasının da həyata keçirilməsinə başlanılıb. İndiyədək 212 xəstə üzərində həmin əməliyyat yerinə yetirilib.

Prezident İlham Əliyevin 2015-ci il fevralın 10-da imzaladığı Sərəncamla təsdiq edilən “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” xəstəliyin profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin aparılmasına və talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəlib. Dövlət Proqramının məqsədi ölkəmizdə talassemiya xəstəliyinin profilaktikası və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir. Görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyəti təmin olunub, xəstəlikdən əlillik və ölüm halları azalıb. Qohum nikahlarının qadağan edilməsi yalnız talassemiya deyil, digər qan xəstəliklərinin azalacağına böyük ümidlər yaradır.