Qubada 12 il övladı olmayan qadın üçəm dünyaya gətirib - FOTOLAR

8 May 2025 11:13 (UTC+04:00)

Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Quba Regional Perinatal Mərkəzində riskli hamiləlik keçirən ananın üçəmləri dünyaya gəlib. Bu barədə SİA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, həkimlərin intensiv müalicə tədbirləri nəticəsində ananın və yenidoğulmuşların həyatı üçün təhlükə aradan qalxıb.

12 ildən sonra riskli hamiləlik dövrü keçirən 1996-cı il təvəllüdlü Quba rayon sakini 22.04.2025-ci il tarixində, hamiləliyinin 35–36-cı həftəsində Quba Regional Perinatal Mərkəzinə hospitalizasiya olunub.

İcra olunan qeysəriyyə kəsiyi əməliyyatı nəticəsində ananın ilk hamiləliyindən 3 körpə (kişi) dünyaya gəlib. Üçəmlər doğulduğu zaman vəziyyətləri ağır qiymətləndirilib, 2 kq., 2 kq. və 1 kq. 800 qr. çəkidə doğulan körpələr küvəz rejimində uzun müddət tənəffüs dəstəyi ilə təmin olunublar.

Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsində körpələr 14 gün ərzində stasionar müalicəyə cəlb olunublar.

Zəruri müayinə və müalicə prosesindən sonra üçəmlərin və ananın vəziyyəti stabil qiymətləndirilib, ötən gün sağlam şəkildə evə buraxılıblar.