İsveç cəzadan şərti olaraq azad etmə qaydalarını sərtləşdirməyi təklif edir

8 May 2025 02:15 (UTC+04:00)

İsveç hökuməti şərti olaraq vaxtından əvvəl azadlığa çıxmaq üçün tələb olunan minimum cəza müddətinin ümumi həbs müddətinin üçdə ikisindən dörddə üçə qədər artırılmasını təklif edir. SİA xəbər verir ki, əvvəlki hökumət komissiyasının məhkumların reabilitasiyası ilə bağlı riskləri və əhəmiyyətli əlavə xərcləri - 7 milyard İsveç kronu qədər (təxminən 650 milyon dollar) olduğunu əsas gətirərək bu cür dəyişikliklərə qarşı xəbərdarlıq etməsinə baxmayaraq, hakimiyyət islahatlara artıq 2026-cı il yanvarın 1-dən başlamağı planlaşdırır.

“Təşəbbüs cəmiyyətin ağır cinayətlərə münasibətini sərtləşdirmək məqsədi daşıyır”, - deyə ədliyyə naziri Gunnar Strömmer mətbuat konfransında bildirib.

Birinci mərhələdə yenilik yalnız altı il və daha çox müddətə azadlıqdan məhrum edilmiş şəxslərə şamil ediləcək.

O, həmçinin zorakılıq xarakterli cinayətlərə görə ən azı dörd il və ya mütəşəkkil cinayətdə iştiraka görə iki il müddətinə azadlıqdan məhrum edilmiş şəxslərin xüsusi təkrar cinayət riski olduqda vaxtından əvvəl azadlığa buraxılma imkanının təxirə salınmasını təklif edib.

2026-cı il martın 1-dən hökumət ardıcıl təcavüz edənlər kimi cəmiyyət üçün davamlı təhlükə yaradan məhbuslar üçün müddətsiz təhlükəsizlik tədbirləri tətbiq etmək niyyətindədir. Belə tədbirlərin hər il təxminən 45 məhbusa tətbiq ediləcəyi təxmin edilir.