Fridrix Merts Bundestaqda səsvermənin ikinci turunda Kansler seçilib

6 May 2025 18:46 (UTC+04:00)

Almaniyada Xristian Demokratlar İttifaqının (CDU) lideri Fridrix Merts Bundestaqda keçirilən səsvermənin ikinci turunda Federal Kansler seçilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, F.Mertsin Kansler seçilməsi üçün parlamentin 630 deputatından 316-sının səsi tələb olunduğu halda onun lehinə 325 deputat səs verib.

Yeni Kansler ona göstərilən etimada görə deputatlara minnətdarlığını bildirib.

Xatırladaq ki, koalisiya hökumətində yer alan partiyalar - CDU, Xristian Sosialistlər İttifaqı (CSU) və Sosial Demokrat Partiyası (SPD) parlamentdə 328 deputat mandatına sahib olduğundan F.Mertsin ilk turda Kansler seçilməsi gözlənilirdi. Lakin gözlənilmədən birinci turda F.Mertsin Kansler seçilməsinin lehinə 310, əleyhinə 307 nəfər səs vermiş, 3 nəfər bitərəf qalmışdı. Birinci turdakı məğlubiyyətdən sonra partiyaların parlament fraksiyaları arasında aparılan məsləhətləşmələr nəticəsində ikinci turun da bu gün keçirilməsi qərara alınmışdı.

Bundestaq seçkisindən və uğurlu koalisiya danışıqlarından sonra təyin edilmiş Kanslerin parlamentdə səsvermənin birinci turunda uğursuzluğa düçar olması Almaniya tarixində ilk dəfə baş verir.

Almaniya Konstitusiyasının 63-cü maddəsinə əsasən, birinci turda Kansler lazımi səs çoxluğunu toplaya bilmədikdə iki həftə ərzində səsvermənin ikinci turu keçirilməlidir. Bu seçkilərdə də deputatlardan yarıdan çoxunun səsi lazımdır. Zəruri hallarda digər şəxsin namizədliyi irəli sürülə bilər. Əgər həmin vaxt da tələb olunan çoxluq əldə olunmasa, üçüncü tur keçirilir. Üçüncü turda Kanslerin seçilməsi üçün səsvermədə iştirak edən deputatların sadə səs çoxluğu kifayət edir.

Seçkilərdən sonra Kansler Fridrix Merts Almaniya Prezidenti Frank-Valter Ştaynmayer tərəfindən rəsmən bu vəzifəyə təyin ediləcək və parlamentdə and içəcək. Sonra yeni kabinet təsdiqlənəcək və koalisiya hökuməti rəsmən fəaliyyətə başlayacaq.