Ermənistanın əməli ilə sözü arasında ciddi şəkildə fərqlər var - ŞƏRH EDİLDİ

6 May 2025 15:15 (UTC+04:00)

"Artıq 30 ilə yaxın müddətdir ki, yəni 1994-cü ildən müharibənin aktiv fazası başa çatdıqdan sonra Ermənistan demək olar ki hər gün atəşkəsi pozurmuşdur. O cümlədən sadəcə ordu da deyil, erməni diasporası, Ermənistan siyasi hakimiyyətləri də Azərbaycana qarşı aktiv şəkildə kompaniya aparmışdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Kazım Kazımov deyib.

Onun sözlərinə görə, 2020-ci il İkinci Qarabağ müharibəsi dövründə bizim qəti qələbəmizdən sonra belə Ermənistan yenə bu siyasətindən əl çəkməmişdir: "O ki qaldı indiki vəziyyətimizə baxdığımızda, Ermənistanın əməli ilə sözü arasında ciddi şəkildə fərqlər var.

Nikol Paşenyan bir tərəfdən sülhdən danışır, lakin əməli olaraq biz heç bir şey görmürük. Nikol Paşenyan istəyir ki, onların müstəqillik bəyannaməsində yerləşən bizə qarşı ərazi iddiaları çıxarılmadan, Ermənistan konstitusiyasının buna istinadı çıxarılmadan, o cümlədən Zəngəzur dəhlizi açılmadan və bizim torpaq bütünlüyümüzü tanımadan sülh müqaviləsi imzalansın. Bu məsələlər yerinə yetirilməmiş sülh müqaviləsi imzalamaq dəniz üstünə yazı yazmaq kimi olar. Çünki nəticə etibarı ilə sabah Nikol Paşenyan hakimiyyətdən getsə, başqa bir qüvvə gəlib sülh müqaviləsini çox rahat şəkildə poza biləcək".

Politoloq qeyd edir ki, Nikol Paşenyan işinin sadəcə daxildəki reputasiyasını qorumaq üçün və Zəngəzur dəhlizinə getməmək üçün əlindən gələni edir ki, bu proses uzansın: "Lakin bir şeyi anlamır ki, Azərbaycan Qarabağ məsələsində, hətta ölkəmizin ən ağır vəziyyətlərində belə diqqətli olmuşdur. Azərbaycan heç vaxt Qarabağ məsələsində hər hansı güzəştə getməmişdir. Nikol Paşenyanın bu kiçik oyunları, Ermənistan hakimiyyətinin, ordusunun, diasporasının oyunlarıda Ermənistana heç bir şey qazandırmayacaqdır".