"Azərbaycana təzyiqlərin göstərilməsi bunun bariz nümunəsidir" - POLİTOLOQ ŞƏRH ETDİ

6 May 2025 15:04 (UTC+04:00)

"İran prezidenti Məsud Pezeşkianinin Azərbaycana səfəri təbii ki, üç ildən artıq davam edən İran-Azərbaycan arasında soyuq münasibətlərinin yenidən normallaşmasına təkan verə biləcək bir hal kimi dəyərləndirilə bilər. Amma bu gündə münasibətlərdə müəyyən gərginlik var. Problemin kökü isə ondan ibarətdir ki, İranda elə qüvvələr var ki, onlar həm hakimiyyətdə təmsil olunurlar, həm də həmin qüvvələr Azərbaycanla münasibətlərin mütəmadi şəkildə gərgin olmasında maraqlıdırlar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, bu səfərin baş tutması və bu səfər zamanı verilən açıqlamalar, mesajlar və imzalanan sənədlərin hamısı irəliyə atılmış addımlardır. Hər nə qədər kənardan münasibətlərin yenidən təxsis edilməsində, qurulmasında narahat olan güclər olsa da, amma bu reallaşan səfərdir: "Düşünürəm ki, irəliyə doğru müsbət baxmaq olar. Düzdür 2020-ci ildə 44 günlük Vətən Müharibəsinin bitməsindən təqribən altı, yeddi gün sonra yəni 16 noyabrda Azərbaycan Prezidenti cənab İlham Əliyevin Xudafərin körpüsü ətrafında səfər etməsi, işğaldan azad olunmuş ərazilərə getməsi və orada həmin körpünü dostluq, qardaşlıq körpüsü adlandırması çox vacib bir məsələ idi. Cənab Prezident orada mesaj verdi ki, Azərbaycan İrana hər zaman dost və qardaş gözü ilə baxıb. Təbii ki, sizində buna belə baxmağınız gərəkdir. Amma çox təəssüf ki, həmin dövrdə və ondan sonrakı dövrlərdə İrandakı hakimiyyətdə olan bəzi qüvvələr, həmin qüvvələr hakimiyyətin siyasətinə təsir edə bilir, onlar bu məsələdə fərqli mövqeydən durdular. Azərbaycana qarşı anti-Azərbaycan düşüncəsi ilə yanaşmağa başladılar. Ermənistana yaxınlaşma və Azərbaycana təzyiqlərin göstərilməsi bunun bariz nümunəsidir. Mən düşünürəm ki, bu məsələ iki qonşu ölkə arasında çox böyük problemlərə yol aça bilərdi.

Nə qədər ki, bu problemi İran tərəfi həll etməyib, Azərbaycana qarşı olan yanaşmanı həll edə bilməyib, bir o qədər problem davam etməkdədir. Amma hər vəziyyətdə bizim İrandakı hal-hazırda olan mövcud hakimiyyətindən gözləntimiz ondan ibarətdir ki, o bu məsələdə Azərbaycanın haqlı tərəf olduğunu qəbul edib. İran dövləti siyasətini ona görə formalaşdıracaq. Təbii ki, Məsud Pezeşkiani bunu qəbul edir, amma biraz əvvəldə qeyd etdiyim kimi elə qüvvələr var ki, bunu qəbul edə bilmirlər və mümkün qədər münasibətlərin pozulmasına çalışırlar. Bu baxımdan düşünürəm ki, bütün bunların hər biri ümumilikdə İran-Azərbaycan münasibətlərinin şəkillənməsini göstərir. Hesab edirəm ki, bundan sonra İran tərəfi müəyyən bir müsbət mesajlar verməlidir ki, Azərbaycanla münasibətlərin gələcəkdə daha da, inkişaf etdirməsinə nail ola bilsin. Əks təqdirdə biz düşmən olmasaqda, amma münasibətlərimiz iki qonşu dövlət olaraq son dərəcə soyuq və gərgin ola bilər".