May ayının 2-də Beynəlxalq Muğam Mərkəzində Cövdət Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin yaranmasının 70 illiyinə həsr olunmuş “Uğur dünyamız” adlı yubiley gecəsi keçirilib. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev açaraq məktəb haqqında məlumat verib və yubiley münasibətilə kollektivi təbrik edib. Onun sözlərinə görə, məktəb 1955-ci ildə yaranıb. Bu müddət ərzində məktəbdə 4 mindən çox şagird məzun olaraq müxtəlif təhsil ocaqlarında təhsil alıb.
Məktəbin məzunları ABŞ, Türkiyə, İtaliya və digər ölkələrdə hal-hazırda musiqi sahəsində fəaliyyət göstərirlər. Hazırda məktəbdə 50-dən çox müəllim və 300-ə yaxın şagird təhsil alır.
İbrahim Əliyev qeyd edib ki, keçən il Azərbaycanda çox böyük bir tədbir olan COP29 keçirilib. Mehin Orucovanın rəhbərlik etdiyi xor kollektivi orada açılış mərasimində çox uğurla çıxış ediblər. Uyğun olaraq cənab Prezidentin imzası ilə tədbirdə iştiraka görə, “Təşəkkürnamə” ilə təltif olunublar. Eyni zamanda Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimlinin müvafiq əmri ilə 14 aprel tarixində məktəbə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin fəxri fərmanı verilmişdir”.
Ardınca məktəbin fəaliyyətini əks etdirən film təqdim edilmiş, şagirdlərin ifasında həm Azərbaycan bəstəkarlarının, həm də xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.
Tədbirin sonunda məktəbə, məktəbin rəhbərliyinə və ən fəal müəllimlərə Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim olunub. Məktəbin direktoru, Əməkdar müəllim Məhin Orucova kollektiv adından yüksək təqdimata görə təşəkkürünü bildirilib.
Məktəb haqqında
C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbi 1955-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin Mədəniyyət şöbəsinin müvafiq əmri əsasında yaradılmışdır. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “C.Hacıyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” 18 fevral 2004-cü il tarixli 887 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 25 fevral 2004-cü il tarixli 50 nömrəli əmri ilə məktəbə görkəmli bəstəkar, Azərbaycan milli simfonizminin banisi Cövdət Hacıyevin adı verilmişdir.
Məktəbdə fortepiano, xalq çalğı alətləri,nəzəriyyə, orkestr alətləri və xor şöbələri fəaliyyət göstərir.Bu şöbələrdə 16 ixtisasüzrə 295 nəfər şagird təhsil alır. Bu şagirdlərin təhsili ilə52 nəfər müəllim məşğul olur.
2009-cu ilə qədər məktəb qəzalı vəziyyətdə olan bir binada fəaliyyət göstərib. Mədəniyyət Nazirliyi tərəfindən məktəbin binası əsaslı təmir edilərək 2013-cü ildə müəllim və şagirdlərin ixtiyarına verilmiş, məktəb əyani vəsaitlər və yeni alətlərlə təmin edilmişdir. Məktəbin fəaliyyətinə göstərilən yüksək qayğının nəticəsidir ki,2014-cü ilinsentyabr ayında Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə 7 illik təhsil sistemindən 11 illik təhsil sisteminə keçirilmişdir.
Məktəbdə tədris metodiki işlərin həyata keçirilməsinə ciddi fikir verilir.Bütün ixtisaslar üzrə dərslər Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən təqdim olunmuş proqramlar əsasında həyata keçirilir. Nəzəri fənlərin təkmilləşdirilməsi məqdəsi ilə şöbədə solfecio fənni üzrə iş dəftərləri tərtib olunmuş, pedaqoji şurada təsdiq olunmuş, bütün siniflərdə tətbiq edilmiş və nümunələr Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə təqdim edilmişdir.Mütəmadi olaraq məktəbdaxili nəzəriyyə olimpiadaları keçirilir.
Şagirdlərin texniki hazırlığının yüksəldilməsi məqsədi ilə “Ev tapşırığı-etüdlər” adlı dinləyiş keçirilir. Konsertmeysterlərin işinin təkmilləşdirilməsi məqsədi ilə gənc konsertmeysterlərin konsertləri təşkil edilir. Bütün şöbələr üzrə açıq dərslər və sinif konsertləri keçirilir, müxtəlif mövzulu metodik mühazirələr oxunur,ayrı-ayrı şöbələr üzrə müəllim və şagirdlərin konsertləri təşkil edilir.
Fəaliyyət göstərdiyi illər ərzində məktəbin 4000-dən artıq məzunu olmuşdur. Bu məzunlar yalnız Respublikamızda deyil, Amerika Birləşmiş Ştatları, İsrail, Almaniya, Rusiya Federasiyası, Türkiyə və s. bu kimi ölkələrdə müəllim və musiqiçi kimi fəaliyyət göstərirlər. 2008-ci ildən məktəbdə Səbail rayon Yeni Azərbaycan Partiyasının ilk ərazi təşkilatı fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 avqust tarixli 309s saylı Sərəncamı ilə təsdiq edilmiş “2009-2013-cü illər üçün Azərbaycan Respublikasında Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə İnkişaf Proqramı”na əsasən Mədəniyyət və Turizm Nazirliyinin 2012-ci il 15 may tarixli 298 saylı Əmri ilə 2012/2013-cü tədris ilindən məktəbdə “xor şöbəsi” açılmış və tədricən xor məktəbinə çevrilməsi nəzərdə tutulmuşdur. Bütün bunları nəzərə alaraq xor ixtisasının inkişafı məqsədi ilə məktəbdə aşağı sinif şagirdlərindən ibarət “Cırtdan” xoru, oğlanlardan ibarət “Atəşgah” xoru, orta yaş qrupu üzrə “Divizi” xoru,yuxarı sinif şagirdlərindən ibarət “Renessans” xoru, “Çinar” müəllimlər xoru yaradılmış, eyni zamanda məktəb üzrə birləşmiş xor təşkil edilmişdir.
2014-cü ildə məktəbimizdəilk dəfə olaraq L.Boruxzonun Ş.Perronun nağılları əsasında görkəmli avstriya bəstəkarı Yozef Haydnın fortepino sonatalarnın musiqisinə yazılmış “Biz sizi sevirik, maestro Haydn” adlı zarafat-opera tamaşaya qoyuldu. 2019-cu ildə “Uşaqların Beynəlxalq müdafiəsi günü” münasibəti ilə “Pişik Filofeyin sərgüzəştləri” adlı müzikl səhnələşdirildi. 2024-ci ildə Macar yazıçısı Klara Hitsin “Peter musiqi alətləri diyarında” adlı dərs tamaşa təqdim edilmişdir.
2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə dövlət proqramı çərçivəsində Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ilə birgə “Yer üzünün günəşidir xeyirxahlıq” adı altında silsilə tədbirlər keçirilmişdir.
Şagirdlər Respublikada, eyni zamanda ölkə xaricində keçirilən müxtəlif müsabiqə və festivallarda yaxından iştirak edir və uğurlu nəticələr əldə edirlər. Elə ilk dəfə 2018-ci ildə “Florida Keys” müsabiqəsində qalib olaraq Nyu-Yorkun məhşur “Carnegie Hall”ın səhnəsində çıxış etmək də məhz bizim məktəbin payına düşdü.
2016-cı ildən beynəlxalq təcrübənin öyrənilməsi və qarşılıqlı mübadilə məqsədilə İtaliya beynəlxalq mədəniyyət assosiyası ilə birgə “Testene Art” beynəlxalq incəsənət festival müsabiqəsinə, 2024-cü ildən isə Qazaxıstan Respublikasının “Xoşbəxt ölkənin uşaqları” ictimai fondu ilə birgə “Biz bakıttı balamız” adlı çoxjanrlı festival müsabiqəsinə ev sahibliyi edir.
Məktəbimizin xor kollektivləri dəfələrlə Respublika uşaq xor müsabiqələrinin, bir çox beynəlxalq müsabiqələrin laureatı olmuş, Ümummilli Lider H.Əliyevin 90 illik yubileyinə həsr olunmuş VIII Respublika xor müsabiqəsinin “Qran-Pri” mükafatına layiq görülmüşdür.Xor müəllimləri Mədəniyyət Nazirliyinin göndərişi ilə Moskva şəhərində fəaliyyət göstərən “Vesna” xor məktəbində təcrübə keçmiş,Latviyanın Riqa şəhərində keçirilən VIII Ümumdünya xor olimpiadasında iştirak etmişlər.
2015-ci ildə doğma Vətənimizinev sahibliyi etdiyi “Bakı-2015” I Avropa Oyunlarının bağlanış mərasimində çıxış edərək tarixi anları yaşamaq məktəbin şagirdlərinə də nəsib oldu. 2016-cı ildə birləşmiş xor kollektivi BMT–nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumundakı çıxışına görə beynəlxalq sertifikatla təltif olunmuşdur.
2019-cu ildə Bakıda keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü Sessiyasının açılış mərasimində məktəbin “Renessans” xoru dünya şöhrətli müğənni Sami Yusufla bir səhnəni paylaşmışdır. Ümumiyyətlə məktəbin bütün xor kollektivləri Beynəlxalq tədbirlərdə çıxış etməklə yanaşı həm də müxtəlif telekanallarda yayımlanan uşaq verlişlərində, dövlət əhəmiyyətli tədbirlərdə çıxışlar edirlər.
Məlum Zəfərimizdən sonra isə doğma Qarabağ torpağında həm solo ifaçılar, həm də xor kollektivlərimiz Şuşa şəhərində keçirilən “Könlüm keçir Qarabağdan” adlı Uşaq Yaradıcılıq festivalında, Türk Dövlətləri Təşkilatının qeyri rəsmi zirvə görüşü münasibətilə təşkil olunmuş konsert proqramında, “Şuşa - Türk Dövlətləri Birliyinin Mədəniyyət İncisidir” adlı beynəlxalq Uşaq Yaradıcılıq festivalında, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində keçirilən “Milli Qurtuluşdan Zəfərə doğru” Yaradıcılıq festivalında, “Füzuli şəhəri günü”, “Cəbrayıl şəhəri günü” tədbirlərində yaxından iştirak etmişdir.
Məktəbimizin “Cırtdan” xoru ölkəmizdə keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransı olan COP 29 tədbirinin açılış mərasimində xalq artisti Əvəz Abdullayevlə birgə Müslüm Moqamayevin “Odlar yurdu” əsərini ifa etmişdir. “Renessans” xoru isə məhz COP 29-a həsr olunmuş “Bella Ciao” mahnısı ilə ölkəmizdə olan xarici qonaqların qarşısında çıxış etmişdir.
Ümumiyyətlə, xor sənətinin inkişafı naminə məktəbin təşkilatçılığı ilə xormeysterlərin I və II Bakı konfransları keçirilmiş, Uşaq Musiqi və İncəsənət məktəblərində xor fənninin mükəmməl tədrisi məqsədilə əməkdar müəllim Məhin xanım Orucovanın müəllifi olduğu “Xor məktəbi” dərsliyi ilk dəfə olaraq Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən nəşr edilərək xormeysterlərin ixtiyarına verilmişdir.
Hazırki dövrdə Cənab Prezidentimiz İlham Əliyevin dəstəyi ilə Respublikamızda musiqi təhsili müasir Beynəlxalq standartlara və tələblərə uyğun qurulur.İstedadlı uşaqlara dövlət qayğısının göstərilməsi musiqi incəsənətimizin yüksəlişinə və dünyəvi təbliğinə,yeni bədii və elmi dəyərlərin yaranmasına,musiqi təhsilinin kompleks və hərtərəfli inkişafına xidmət edir. Azərbaycanda müasir musiqi təhsilinin yaranması və mühüm nailiyyətlər qazanması məhz musiqi məktəblərinin yaranması,fəaliyyəti və təkmilləşməsi sayəsində mümkün olmuşdur.
Ümummilli Lider Heydər Əliyev deyirdi ki, “Uşaqlar daim qayğı ilə əhatə olmalıdır, onları insan cəmiyyətinin ən fəal üzvü etmək lazımdır, çünki onlar bizim sevincimiz, xoşbəxtliyimiz, gələcəyimizdir”. Heydər Əliyev uşaqların təhsilinə onların savadlı və cəmiyyət üçün yararlı olmalarına çalışmışdır. “Əgər bir dövlət öz gələcəyini işıqlı,parlaq görmək istəyirsə gərək uşaqlara xüsusi diqqət ayırsın”. Bu Heydər Əliyev siyasətinin əsas yollarından biri olmuşdur.İndi də bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən davam etdirilir. Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gənc istedadlar Azərbaycanı dünyada təmsil edirlər. Bu baxımdan uşaq musiqi məktəblərinin fəaliyyəti diqqətə layiqdir.