Yaslarda və dəfn mərasimində ölünü dəfn edərkən, onu son mənzilə yola salarkən musiqi sədaları altında dəfn etmək İslam dini baxımından müzakirə edilərkən, əsas meyar Qurani-Kərim, Sünnə və alimlərin fətvaları olur. Mərasimlərdə musiqi istifadəsi, xüsusilə də yas və dəfn mərasimlərində, din alimləri arasında birmənalı qarşılanmır". Bu sözləri SİA-ya açıqlamasında Neftçala şəhəri "Sahib Əzzaman" məscidinin imamı, dini və ictimai xadim Qorxmaz Paşayev deyib.
Onun sözlərinə görə, ənənəvi İslam fiqhində yas mərasimində musiqi sədalarının səsləndirilməsi məkruh (bəyənilməyən) və ya haram hesab edilir: "Yas, əsasən təvəkkül, dua, Quran oxunuşu və mərhum üçün rəhmət diləmək üzərində qurulmalıdır. Musiqili dəfn mərasimləri (məsələn, bəndlər, marşlar və ya başqa melodiyalarla) bir çox İslam alimləri tərəfindən qeyri-şəri sayılır, çünki bu, dünyəvi əyləncə elementlərinin ölümü müşayiət etməsi kimi qəbul edilir. Bu cür davranışlar ölümün ciddiyyətinə və qəbir əzabına qarşı diqqətsizlik kimi şərh oluna bilər. Ölüm və toy, İslamda bir-birindən kəskin şəkildə fərqlənən hallar olduğuna görə, toy musiqisinin (məsələn, "vağzalı") dəfn zamanı səsləndirilməsi mənəvi baxımdan uyğun sayılmır və bu, İslam adabına ziddir. Əksinə, dəfn mərasimində Quran tilavəti, dua, salavat, tövbə və zikr tövsiyə olunur. Bəzi insanlar bunu şəxsi və ya simvolik bir jest kimi təqdim etsələr də, dini hökmlər şəxsi duyğulardan deyil, ümumi prinsiplərdən qaynaqlanır. Müsəlman üçün əsas ölçü Allahın razılığı və dinin qoyduğu qaydalardır. Həmçinin, bu cür davranışların cəmiyyətə mənfi təsiri də unudulmamalıdır. Cənazə mərasimlərinin şənlik və musiqi ilə keçirilməsi dini dəyərlərin laqeydliyə uğramasına, gənc nəslin ölüm anlayışına qeyri-ciddi yanaşmasına və cəmiyyətin dini ruhdan uzaqlaşmasına səbəb ola bilər.
Nəticə etibarilə dəfn zamanı musiqi səsləndirilməsi, xüsusən də toy musiqilərinin istifadəsi, İslamda düzgün və uyğun davranış sayılmır. Bu, nə şəriət, nə də İslam əxlaqı ilə uzlaşır. Ən gözəli, ölən üçün dua etmək, Quran oxumaq və onun üçün savab niyyəti ilə xeyirli işlər görməkdir.