Fransız portalı ADA Universitetində keçirilmiş forumdan yazıb

6 May 2025 02:25 (UTC+04:00)

Fransanın geosiyasət üzrə ixtisaslaşmış “Conflits : Revue de Géopolitique” (revueconflits.com) portalında Brüssel Universitetinin enerji üzrə geosiyasət professoru, Avropa Mühəndislər və Sənayeçilər Assosiasiyasının prezidenti Samuel Furfarinin Bakıda Azərbaycan Diplomatik Akademiyasında (ADA) keçirilmiş “Münaqişələr: Yeni dünya nizamına qarşı mübarizə” adlı forumla bağlı müsahibəsi çıxıb. SİA xəbər verir ki, müsahibədə ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən forumun uğurundan bəhs olunub. Məqalədə Azərbaycanın əhəmiyyətli qaz və neft ehtiyatlarına və Xəzər dənizi ilə Avropa arasında strateji coğrafi mövqeyinə görə Avropanın enerji təchizatında əsas oyunçuya çevrildiyi bildirilir. BTC boru kəməri və Cənub Qaz Dəhlizi (CQD) kimi layihələr vasitəsilə Asiya və Avropa arasında enerji və logistika körpüsü olmasından və onun mərkəzi rolundan bəhs olunur.

Ölkəmizin Yeni İpək Yollarının Orta Dəhlizinin bir hissəsi olduğu qeyd edilərək, onun həm regionda, xüsusilə də iki müttəfiqi olan İsrail və Türkiyə arasında mühüm diplomatik rol oynadığı vurğulanıb.

Bildirilir ki, Azərbaycanda keçirilən beynəlxalq forumda Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Özbəkistan və s.) yeni qlobal geosiyasi dinamikaya inteqrasiya ambisiyaları vurğulanıb. Avropa İttifaqı enerji və ticarət təchizatını təmin etmək üçün bu ölkələrlə əlaqələrini gücləndirməyə çalışdığı qeyd edilib. Azərbaycanın Ukraynadakı müharibədən sonra Avropaya qaz tədarükünü artırdığı, ancaq infrastruktur məhdudiyyətləri və Aİ-nin qalıq yanacaqlarla bağlı ziddiyyətli mövqeyi ilə üzləşdiyi, Avropanın enerji ekspansiyasını davam etdirərkən aydınlıq və maliyyə dəstəyinin olmaması tənqidi ifadə olunub.

Müəllif məqalədə Ermənistan-Azərbaycan müharibəsinə toxunaraq, 2020-ci il müharibəsindən sonra Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə dəyişməsindən yazıb.

Vurğulanıb ki, əgər sülh əldə olunarsa, Cənubi Qafqaz Avropa ilə Asiya arasında enerji, ticarət və akademik mərkəzə çevrilə bilər.

Müəllif diqqətə çatdırıb ki, Qafqaz, xüsusən də Azərbaycan çoxqütblü dünyada əsas geosiyasi və enerji oyunçusuna çevrilib.