Ankarada Heydər Əliyevin xatirəsinə həsr olunan şahmat turniri keçirilib

5 May 2025 18:57 (UTC+04:00)

Mayın 5-də Ankarada Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) “Şuşa” konqres mərkəzində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, dahi dövlət xadiminin anadan olmasının 102 illiyinə həsr olunmuş turnirin təşəbbüskarları “Buta” gənclər cəmiyyəti, Türkiyənin Gənclər və İdman Nazirliyi, eləcə də Türkiyə hökuməti nəzdində Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi (YTB) olub.

Turnirin açılışını simvolizə edən lentin kəsilməsində Azərbaycan, Qırğızıstan və Türkmənistanın Ankaradakı səfirləri, eləcə də Türkiyənin Xarici İşlər Nazirliyinin nümayəndələri və parlament üzvləri iştirak ediblər.

Turnirdə ilk gedişi Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov edib və iştirakçılara uğurlar arzulayıb.

Qeyd edək ki, mayın 10-da paytaxtdakı “Altındağ” Gənclər Mərkəzində Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman turniri keçiriləcək. Həmin gün Ankarada azərbaycanlı tələbə birliklərinin komandalarının iştirakı ilə futbol turniri də baş tutacaq.

Mayın 11-də isə Ankarada Ümummilli Liderin doğum gününə həsr olunmuş bilik yarışı keçiriləcək.