"Azər Badamov xalq tərəfindən seçilmiş millət vəkilidir və onun toxunulmazlığı var" - ŞƏRH EDİLDİ

5 May 2025 17:50 (UTC+04:00)

"Azər Badamov xalq tərəfindən seçilmiş millət vəkilidir və onun toxunulmazlığı var. Eyni zamanda Azər Badamov Yeni Azərbaycan Partiyasının millət vəkili olmaqla barəbər, həm də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür. Kifayət qədər nüfuzlu siyasətçidir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, şübhəsiz ki, bir Azərbaycan millət vəkilinin bu şəkildə saxlanılması dostyana hərəkət deyil, qonşuluğa sığışmır. Hətta mən deyərdim ki, hüquqi baxımdan da tamamilə yanlışdır. Çünki belə hallarda hər hansı bir ölkə kiminsə öz ölkəsinə daxil olması ilə bağlı qərarlar qəbul edirsə, mütləq əvvəlcədən dərc edilir. Arzuolunmaz şəxs elan olunur və arzuolunmaz şəxs hansı ölkənin vətəndaşı olursa-olsun, yaxud hansı işlə məşğul olursa-olsun bilir.

Moskva Hava Limanında Azər Badamova qarşı bu cür hərəkət edənlər heç yaxşı qarşılanmır. Yəni siyasətçinin xəbəri olmadan, bir ölkəyə girişi ilə bağlı yasağını bilmədən həmən ölkəyə üz tutur və birdən-birə belə bir pis sürprizlə üz-üzə qalır. Ona görə də mən düşünürəm ki, biz burada öz Rusiya-Azərbaycan münasibətlərini korlamağa cəhd göstərən üçüncü qüvvələrlədə bağlı şübhələrimiz əsaslı ola bilər.