Mərkəzi Gömrük Hospitalının Patomorfoloji Diaqnostika şöbəsinin rəisi, uzman patomorfoloq Zərifə Yusifli 1-3 may 2025-ci il tarixlərində Bakı şəhərində keçirilən 3-cü Beynəlxalq Azərbaycan Laborator Tibb Konqresi & Lab Expo tədbirində məruzəçi və panel sədri qismində iştirak edib. SİA xəbər verir ki, Zərifə Yusifli konqresdə “Hipofizin neyroendokrin törəmələrində yeni təsnifat” mövzusunda təqdimatla çıxış edərək, bu sahədə Dünya Səhiyyə Təşkilatının ən son tövsiyələrini iştirakçılarla bölüşüb, Mərkəzi Gömrük Hospitalında hipofiz şişlərinə dair 153 klinik hadisə əsasında aparılmış yeni elmi tədqiqatın nəticələri haqqında məlumat verib və düzgün patomorfoloji və klinik yanaşmanın əhəmiyyətini vurğulayıb.
Zərifə həkimin sədr qismində iştirak etdiyi “Həzm Sistemin Patologiyaları” elmi paneldə Türkiyə Respublikası Hacettepe Universitetindən Prof. Dr. Cenk Sökmensüer, Uzm. Dr. Aynurə Zeynalova, Dr. Fikrət Əliyev və Müt. Dr. Məsmalı Mustafayev təqdimatlarla çıxış ediblər. Paneldə həzm sistemi patologiyaları üzrə son elmi yeniliklər, patomorfoloji təcrübələr və klinik yanaşmalar müzakirə olunub, iştirakçılar tərəfindən verilmiş çoxsaylı suallara cavablar verilib.
Panel yerli və xarici iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir.