NİİM sürücü və piyadalara müraciət edib

5 May 2025 10:28 (UTC+04:00)

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücü və piyadalara müraciət edib. SİA xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli yol hərəkəti iştirakçıları,

Paytaxt yollarında müxtəlif vaxtlarda bəzi sürücü və piyadaların qaydalara əməl etməməsi, diqqətli olmaması səbəbindən piyadaların iştirakı ilə yol-nəqliyyat hadisələri baş verir. Bu cür qəzalar əksər hallarda xəsarət və ya ölümlə nəticələnir. Təbii ki aparılan maarifləndirmə və praktiki tədbirlər öz nəticəsini verir və bu qəzaların sayında azalma var. Ancaq buna baxmayaraq, yollarda həyatlarına laqeyd yanaşan bəzi piyadalar hələ də keçidlərdən istifadə etmirlər, nizamlayıcının tələblərinə diqqət yetirmirlər.

Digər bir məqam sürücülərlə bağlıdır. Müşahidələr onu deməyə əsas verir ki, bəzən piyadalar keçidlərdə dəqiqələrlə gözləmək məcburiyyətində qalırlar və yaxud da bir sıra sürücülər keçidlərdən keçən piyadalara yol vermirlər.

Bu cür qəzaların baş verməməsi üçün hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməli və qaydalara əməl etməliyik.

Bir daha sürücü və piyadalara çağırış edirik:

Sürücülər piyada keçidlərinə yaxınlaşdıqda sürəti azaltmalı və piyadalara yol verməlidir. Piyadalar isə piyada keçidlərindən keçməli, nizamlayıcının tələblərinə diqqət yetirməli və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra keçməlidirlər".